Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Məcidov Balababa Fərəc oğlu
Məcidov Balababa Fərəc oğlu 12 mart 1912-ci ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə fakültəsini bitirmişdir.

B.Məcidov fəlsəfə (1945) və elmlər dok­torluğu (1957) dissertasiyalarını mü­dafiə etmiş, 1952-ci ildə böyük elmi işçi seçilmiş, pro­fes­sor elmi adına layiq görülmüşdür (1958). Azərbay­can SSR Elmlər Akademiyasının müxbir üzvü (1968) seçilmişdir.

B.Məcidov Biləsuvar rayonunda həkim (1935-38-ci illər), Elmi Təd­qiqat Epide­miologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktor müavi­ni, direk­toru vəzifələrində çalışmış (1938-1946), sonralar isə respubli­ka Səhiy­yə Nazirinin bi­rinci müavini (1946) təyin olunmuş, SSRİ Səhiyyə Nazirliyinin Azərbaycanda vəbaya qarşı mübarizə stansiya­sının elmi hissə üzrə rəis müavi­ni (1948-1950), ET Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun Epi­demiologiya şöbəsi­nin müdiri (1950-1953), həmin institutun direktoru (1953-1968), eyni zamanda respublikanın baş epidemio­loqu, N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu­nun rektoru olmuşdur (1968-1972). 1972-1975-ci illərdə o, ET Virusologiya, Mik­ro­bio­logiya və Gigiyena İnstitutunda Epi­demiologiya şöbəsinin müdiri, Radiasion mikrobio­logiya laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır.

B.Məcidovun epidemiologiya üzrə elmi fəaliyyətinin əsas istiqamətini bəzi xəs­təliklərin yayılmasında gəmiricilərin rolunun öyrənilməsi, bakterial dizen­te­riya və salmonelloz xəstəliklərinin epidemiologiyasının araşdırıl­ması prob­lemləri təşkil etmişdir. Müharibə dövründə (1941-45-ci illər) B.Məcido­vun rəh­bərliyi ilə institut­da planlı şəkildə, hökumətin qərarı ilə cəb­hə üçün çox vacib olan yara faqları, bağırsaq faqı, vaksinal müalicəvi zərdablar, ilan zəhərinə qarşı zərdab və s. bakte­rial preparatların istehsalı təşkil edilmişdir. Bakı şəhərində müalicə olunan min­lərlə döyüşçü bu təd­birin nəticəsində şəfa tapmışdır. İnstitutun əməkdaşları və direktorun fəaliy­yəti hökumət tərəfindən yüksək qiymətlən­dirilmişdir.

B.Məcidov yoluxucu xəstəliklərin respublikanın müxtəlif rayonlarında eko­loji xüsusiyyətlərlə əlaqəsi və asılılığı konsepsiyasının müəlliflərindən­dir. O, 110-dan artıq elmi məqalənin, 6 monoqrafiya, 6 elmi-kütləvi kitabça, 5 elmi bül­leten, 2 biblioqrafiya və prospektin müəllifi olmuşdur. Alim çox sayda bey­nəlxalq konfrans, qurultay və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Onun rəhbərliyi altında 8 elmlər doktorluğu və 14 fəlsəfə doktorluğu dissertasi­yası hazırlanmışdır.

B.Məcidov İ.İ.Meçnikov adına Ümumittifaq Epidemioloqlar, Mikro­bioloqlar və İnfeksionistlər Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, Azər­baycan Epidemioloqlar, Mikrobioloqlar və İnfeksionistlər Elmi Cəmiyyə­tinin sədri, Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının sədri, VIII çağırış Bakı şəhər Sovetinin deputatı, “Azərbaycan Tibb Jurnalı”nın, “Mik­ro­biolo­giya, epidemiologiya və İmmunologiya” jurnalının redaksiya hey­ətinin üzvü olmuşdur.

B.Məcidov “Qırmızı Əmək Bayrağı” ordeni, 3 dəfə “Şərəf nişanı” orde­ni və medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar həkimi (1960), Əməkdar elm xadimi (1964) fəxri adlarına layiq görülmüşdür. Bakının küçələrindən birinə Balababa Məcidovun adı verilmişdir.

AMEA-nın müxbir üzvü Balababa Məcidov 1975-ci il iyul ayının 3-də Bakı şəhərində vəfat etmişdir.

(1912-1975)