Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Quliyev Rafiq İsrafil oğlu

R.Quliyev 1945-ci ildə Bakı şəhərində məşhur zi­ya­lı neftçi  ailəsində anadan olmuşdur. O, 1967-ci ildə Azərbaycan Neft və Kimya İns­titutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitir­mişdir.

R.Quliyev 1971-ci ildə texnika üzrə fəl­­səfə doktoru, 1982-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1985-ci ildə profes­sor elmi adını almış, 2001-ci ildə Azərbay­can Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 16 yaşında Azər­bay­can Dövlət Neft Akademiya­sının Nəzarət ölçü cihazları kafedrasının preparatoru vəzifəsindən başla­mışdır. Neft elminə olan həvəsi hələ tələbəlik illərində (1963-1967) ona dərslərilə əmək fəaliyyətini uğurla əlaqələndirməyə imkan vermişdir. 1965-1969-cu illərdə “Leninneft” Neft Mədən­ləri İdarəsində operator, Azər­baycan Dəniz-Kəşfiyyat İdarəsində operator, Azər­bay­can Dəniz-Kəşfiyyat Trestinin qazma kontorunda laborant-kollektor, qazmaçı köməkçisi, böyük sahə mühəndisi vəzifələrində çalışmışdır. 1969-1983-cü illərdə Azər­bay­can Neftelmitədqiqat­layihə İnstitu­tun­da böyük mühəndis, kiçik elmi işçi, bo­yük elmi işçi və hidro­mexanika böl­məsinin müdiri olmuşdur. 1983-cü ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat, təşkilat və idarə­etmə kafed­rasının müdiri vəzifəsində çalışmışdır. 1988-ci ildən 2005-ci ilə kimi Neft və qaz quyularının qazılması kafedrasına rəhbərlik et­mişdir. O, 2006-cı ildən ömrünün sonuna qədər Neftqazelmitədqiqat­layihə İnstitu­tunun Beynəlxalq layihə­lər və xarici əlaqələr şöbəsində baş mütəxəssis vəzifə­sində çalışmışdır.

R.Quliyevin elmi tədqiqatlarının sahəsi quyunun qazılma məhlulunun hidro­dinamik göstəricilərinin idarə edilməsi və operativ nəzarət üsullarına işlə­nil­məsi; təşkilati idarəetmə nəzəriyyəsinə istinad etmək əsasında qu­yuların qazılmasının hidravlik proqramının optimallaşdırılması; dərin maili quyu­la­rın qazılması zamanı əyriliyin idarə edilməsi prosesinin optimallaş­dırıl­ması olmuşdur.

R.Quliyev görkəmli neftçi-alim kimi təkcə Azərbaycanda və keçmiş SSRİ-də deyil, həm də xarici ölkələrin də mütəxəssislərinə tanış idi. O, dəfələrlə BMT-yə ekspert kimi işə dəvət olunmuş, 1988-ci ildə Çin Xalq Respublikasında, 1990, 1993, 1994-cü illərdə Albaniyada elmi fəaliyyət gös­tərmişdir. Bundan başqa, xarici ölkələrdə keçirilən bir çox elmi simpozium və konqreslərdə məruzələrlə çıxış etmişdir.

R.Quliyev 1997-ci ildən ABŞ  Mühəndis  Neftçilər Cəmiyyətinin üzvü olmuş­dur. Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi­nin “Neft-qazçıxarma problemi” üzrə elmi şuranın, həmçinin “Neft və qaz quyuları­nın  qazılması” seksiyasının sədri olmuşdur.

R.Quliyev 260-dan artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 20 təd­ris-metodik vəsaitin və 11 ixtiranın müəllifidir. Onun rəhbər­liyi ilə 14 fəlsəfə doktoru hazırlanmışdır.

R.Quliyev 1981-ci ildə “Əməkdə igidliyə görə” və 2001-ci ildə “Tərəqqi” medallarına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Rafiq Quliyev 2008-ci ildə Bakıda vəfat etmişdir.

(1945-2008)