Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Mərdanov Məcid Əhəd oğlu
Mərdanov Məcid Əhəd oğlu 1913-cü il aprelin 9-da Qəbələ rayonunda ana­dan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir (1939).

1953-cü ildə kimya üzrə fəlsəfə dok­toru, 1962-ci ildə kimya üzrə elmlər dok­toru elmi dərəcəsi almış, professor adına layiq gö­rü­­lmüş (1963), Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir (1968).

M.Mərdanov 1939-cu ildə hərbi xid­mə­tə çağırılmış və II Dünya müharibə­sinin iştirak­çısı olmuş, minomyot vzvod komandiri kimi Şimal, Qərb və Lenin­qrad cəb­hələrində vuruşmuş, 1948-ci ildə ağır yaralanmış və ordudan tərxis olunmuşdur.

M.Mərdanov elmi fəaliyyətə Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitu­tunda mühəndis, böyük mühəndis kimi başlamışdır (1948). Xüsusi yana­caq­lar laboratoriyasına müdir təyin edilmiş (1952) və həmin vəzifədə ömrü­nün sonuna qədər işləmişdir. Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kim­ya Prosesləri İnstitutunda elmi işlər üzrə direktor müavini olmuş­dur (1959-1982).

M.Mərdanovun əsas elmi istiqaməti neftlərin kimyəvi xassələrinin öy­rənil­məsi, yeni effektli xüsusi yanacaqların və onlar üçün aşqarların alınma texnolo­giyasının işlənib hazırlanması, istehsalın yaradılması olmuşdur. Ya­nacaqların ter­mik sabitliyinin, korroziyaya qarşı davamlılığının yaxşılaş­dırılması sahə­sində apardığı tədqiqatlar nəticəsində bir sıra xüsusi yanacaq, o cümlədən keçmiş SSRİ-də Azərbaycan neftindən ilk yeni termostabil T-5, T-8B reak­tiv yanacaqlarının istehsal texnologiyası yaradılmış və sənayedə tətbiq edilmişdir. İns­titut əməkdaşları ilə birlikdə dünyada ilk dəfə olaraq üzvi nitrobirləş­mələrin xrom kompleksləri əsasında yüksək effektli anti­sta­tik aşqarlar sintez etmiş, onun alınma texnologiyasını hazırlamış və səna­yedə tətbiqini həyata keçi­r­mişdir.

M.Mərdanov yeni yanacaqlar sahəsində elmi tədqiqatlar apararkən karbo­hid­rogenlərin alkilləşməsi, dealkilləşməsi, izomerləşməsi, tsiklilləş­mə­si, dehid­ro­tsiklilləşməsi, hidrogenləşməsi, nitrollaşması və aminləşməsi ki­mi reaksiya­ların ədəbiyyatda məlum olmayan xüsusiyyətlərini müəyyən­ləş­dirmişdir. Onun rəh­bər­liyi ilə keçmiş SSRİ-də ilk dəfə pirolizin maye məhsul­larından tsiklo­penta­dienin alınması texnologiyası işlənib hazırlanmış və yarımsənaye qurğu­sunda istehsal edilmişdir.

M.Mərdanovun elmi tədqiqatlarının nəticələri 291 elmi əsərdə, o cüm­lədən 75 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır.

M.Mərdanov 3 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlamışdır.

Elmin inkişafındakı roluna və yüksək ixtisaslı elmi kadrların hazırlan­ması sahəsindəki xidmətlərinə görə o, Əməkdar elm xadimi fəxri adına layiq gö­rülmüşdür. Onun əməyi yüksək qiymətləndirilərək “Şərəf nişanı” və II dərəcəli “Vətən müharibəsi” ordeni, bir çox medallarla təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Məcid Mərdanov 1982-ci ildə Bakıda vəfat etmişdir.

 (1913-1982)