Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci il fevralın 11-də Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin dördillik şöbəsində ali təhsil almış (1938-1941), Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. Əmək fəaliyyətinə AEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda başlamış (1942), müxtəlif fasilələrlə burada elmi işçi (1945-1947), baş elmi işçi (1953-1958), (1960-1963), şöbə müdiri (1964-1980), direktor müavini (1980-1981), direktor (1981-1985) vəzifələrində çalışmışdır. ADU-da baş müəllim (1943-1947), ADPİ-də baş müəllim (1949-1952), AEA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru (1959-1960), Azərbaycan KP MK-da şöbə müdirinin müavini (1960-1963) olmuşdur. Filologiya üzrə namizədlik (1955), doktorluq (1973) dissertasiyaları müdafiə etmiş, AMEA-nın müxbir üzvü seçilmişdir (1980). Ə.Mirəhmədovun Azərbaycan ədəbiyyatı tarixini, xüsusən də onun yeni dövrünü (XIX-XX əsrlər) tədqiq etmək sahəsində böyük xidmətləri olmuşdur. O, M.F.Axundov, M.Hadi, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq kimi böyük sənətkarlar, «Molla Nəsrəddin» jurnalı haqqında qiymətli monoqrafiyaların müəllifidir. Alimin klassiklərimizin əsərlərinin elmi-tənqidi nəşrlərinin hazırlanması, ədəbi-tarixi abidələrin, ədəbi mətbuat materiallarının transliterasiyası və nəşri işlərində də böyük əməyi olmuşdur. Nizami əsərlərinin filoloji və bədii tərcüməsi, Füzulinin altıcildliyi, M.F.Axundovun üçcildliyi, C.Məmmədquluzadənin üçcildliyi, Səməd Vurğunun altıcildliyi və s. kitablar onun rəhbərliyi altında hazırlanıb və nəşr olunub. Milli mədəniyyətimizin böyük abidələri olan «Əkinçi» və «Molla Nəsrəddin» mətnlərinin transliterasiyası və nəşrə hazırlanması da bilavasitə onun iştirakı və rəhbərliyi altında yerinə yetirilmişdir. «Ədəbiyyat tarixi» kitablarının hazırlanmasında da Ə.Mirəhmədov fəal iştirak etmişdir. İkicildlik «Müxtəsər Azərbaycan ədəbiyyat tarixi»nin (1943-1944) hazırlanması zamanı təcrübə toplamış alim üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin (1957-1960) əsas müəlliflərindən və redaktorlarından biri olmuşdur. O, hazırda nəşr prosesində olan altıcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin də müəlliflərindən biridir. 20-dək kitabın, 500-dən artıq elmi məqalənin müəllifi olan Ə.Mirəhmədov Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov 2002-ci il avqustun 30-da Bakıda vəfat etmişdir. |
|
(1920-2002) |