Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Muxtarov Abdulla İbrahim oğlu
Muxtarov Abdulla İbrahim oğlu 1918-ci il dekabrın 24-də Dagıstan Respub­likasının (Rusi­ya Federasiyası) Rutul rayonunun Saxur kəndində ana­dan olmuş­dur. 1944-cü ildə Azərbaycan Dövlet Universite­tini (indiki BDU) fizik (nəzəri fizika) ixtisası üzrə bitirmişdir.

1950-ci ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmləə dok­tor­luğu dissertasi­ya­sını müda­fiə etmiş, 1968-ci ildə professor elmi adını al­mış, 1972-ci ildə AEA-nın müxbir üzvü seçil­mişdir. 1950-ci ildə Azərbaycan Dövlət Uni­ver­sitetinin Nə­zəri fizika kafedrasında baş müəllim kimi fəaliyyətə başlamış, Fizika fakül­təsinin dekanı (1965-1967), Nəzəri fizika kafedrasının müdiri (1967-1988) vəzifələrin­də calışmış, ömrünün sonunadək bu kafed­ranın pro­fessoru olmuşdur.

A.İ.Muxtarovun tədqiqatları sahənin kvant nəzəriyyəsi, elementar zər­rəcik­lər və nüvə fizikası, yüksək enerjilər fizikası və s. kimi nəzəri fizikanın mürək­kəb sahələrini əhatə edir. Kvant generatorlarında yüksək polyarlaşma dərə­cə­sinə malik yüksək enerjili foton, elektron, pozitronların nazik dəs­tə­lərinin alın­ması nəticəsində belə dəstələrin hərəkət edən hədəflərdən, yüngül və ağır nüvələrdən səpilmə proseslərini - yüksək enerjili kvantların, elektron və pozit­ronların, ney­trinonun ixtiyari zərrəciklərdən və eləcə də, toqquşma nəticəsində digər zərrə­ciklər cütü yaratmaqla, onların nüvələrdən, nuklon və bozonlardan səpilmə pro­seslərini tədqiq etmiş, əldə etdiyi nəticələr təcrübə­lərdə istifadə edilmişdir. Yüksək enerjili zərrəciklərin müxtəlif hədəflərdən səpilmə proses­lə­rinin nəzəri təhlili üçün spini ikidən böyük olan zərrəciklərin proyeksiya operatorunu qur­muş və rezonansların yaranmasına gətirən pro­sesləri tədqiq etmiş, proseslərin amplitudu və keçid formfaktorları üzərinə qoyulmuş bəzi şərtlər daxilində nəzəriyyə ilə təcrübə arasında uyğunluq əldə etmişdir. Yüksək enerjili lepton-lepton, lepton-hadron və hadron-hadron toq­quşmalarında baş verən bir sıra zəif cərəyan effektlərini tədqiq etmiş, bu pro­seslər zamanı ya­ranan elektrozəif asim­metriyaların tam şəkildə riyazi hesab­lama üsulunu ver­mişdir. Təklif olunmuş riyazi üsul əsasında bir sıra proses­lərdə diferensial və inteqral elektrozəif asim­metriyalar (irəli-geri asimmet­riya, sağ-sol asimmet­riya, irəli-geri spin asimmetri­yası, leptonların uzununa polyarlaşma dərəcəsi, yarıinklüziv proseslərdə yara­nan Lo-hiperonun uzunu­na polyarlaşma dərəcəsi və s.) üçün analitik ifadələr alınmış və əlavə vektor - bozonunun həmin xa­rak­teristikalara təsiri öyrənilmiş­dir. İlk dəfə göstərilmiş­dir ki, standart model çər­çi­vəsində bir sıra proseslərin spiral amplitudları və elektrozəif asimmet­riyalar elektron-pozitron dəstələrinin enerjisinin müəy­yən qiymətlərində sıfıra çevrilir.

A.Muxtarov 150-dən çox məqalənin müəllifidir.

Maarif əlaçısı və Əməkdar elm xadimi fəxri adları verilmiş, “Şərəf nişanı” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Abdulla Muxtarov 2013-ci ildə Bakıda vəfat etmişdir.

(1918-2013)