Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Musayev Səlim Hüseynpaşa oğlu
Musayev Səlim Hüseynpaşa oğlu 1937-ci il mayın 29-da Gürcüstan Respublikasının Başkeçid rayonunun Yuxarı Oruzman kəndində anadan olmuşdur. Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmişdir (1966).

S.Musayev fəlsəfə doktoru (1970) və elmlər doktoru alimlik dərəcəsi (1991) almış, AMEA-nın müxbir üzvü (2001) seçilmişdir.

S.H.Musayev 1990-2007-ci illərdə AMEA Botanika İnstitutunun Herbari laboratoriyasının, 2007-2010-cu illərdə Ali bitkilər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2008-2010-cu illərdə AMEA Botanika İnstitutunun direktoru olmuşdur.

Onun apardığı tədqiqatlar nəticəsində Qafqaz florasının Avena L. cinsinin növ tərkibi müəyyənləşdirilmiş, bu cinsin keçmiş İttifaq məkanı üçün 3 növü və 8 növ müxtəlifliyi, Qafqaz florası üçün 5 növü ilk dəfə olaraq fərqləndirilmişdir.

S.H.Musayev 1970-1985-ci illərdə Naxçıvan və Azərbaycanın başqa bölgələrinə təşkil olunmuş ekspedisiyalara rəhbərlik etmiş, Mərkəzi Herbarium fondunu yeni herbari nüsxələri ilə zənginləşdirmisdir.

S.Musayevin elmi tədqiqatları sırasında faydalı, nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsində böyük rol oynamışdır. O, 1989-cu ildə nəşr edilmiş, kollektiv müəlliflər tərəfindən tərtib edilmiş “Azərbaycanın Qırmızı Kitabı”nda respublikamızın ərazisində rast gəlinən nadir, relikt, endemik, təsərrüfat baxımından coxyaşlı 140 bitki növü haqqında məlumat vermiş, onların yayılması, mühafızəsinə dair əməli tədbirlər sisteminin hazırıanmasında yaxından iştirak etmisdir.

AMEA-nın müxbir üzvü S.H.Musayev ilk dəfə olaraq azərbaycan dilində tərtib edilmiş və çapa hazırlanan “Azərbaycan florası” çoxcildliyinin müəlliflərindəndir. Alim tərəfindən Talış zonası rayonlarının dənizkənarı qumluqlarında (Lənkəran - Astara arası) Azərbaycan florası üçün yeni olan Cakile Mill. və Xəzər sahili ovalığının (Giləzi dili burnu) lilli, qumlu sahələrində isə LimosellaL.yeni bitki cinsi təsvir edilmişdir. S.Musayev elmi tədqiqatlarında Südləyən, Tərəçiçəklilər, Cillər, Paxlalılar və s. fəsilələrin öyrənilməsində xüsusi fəallıq göstərmiş, bunlara dair müvavfiq məqalələr çap etdirmişdir.

Onun Azərbaycan botanika elminin nailiyyətlərinin təbliğ edilməsində böyük xidmətləri olmuş, əsərləri bir sıra xarici ölkələrin nəşriyyatlarında çap edilmişdir. Əsərlərinin bəziləri ali məktəblərin dərs proqramına daxil edilmişdir.

S.Musayev elm üçün 10 bitki növü təsvir etmişdir ki, bu da Beynəlxalq Nomenklatur Botanika Kodeksinə daxil edilmişdir. O, tədqiqatlarında Avrasiya florası üçün 12, Qafqaz florası üçün 7 növü və Azərbaycan florası üçün 10 cinsə aid 150 növü ilk dəfə olaraq qeyd etmişdir.

S.Musayev 140 elmi məqalənin və 5 monoqrafiyanın müəllifidir.

O, geniş diapazonlu bir tədqiqatçı kimi bilik və bacarağını müstəqil Azərbaycan Respublikasında milli kadrların hazırlanmasına həsr etmişdir. Onun rəhbərliyi altında 4 fəlsəfə doktoru və 8 dissertant hazırlanmışdır.

S.Musayev H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunun Fəxri Fərmanı (1977), AMEA-nın Fəxri Fərmanı (2002) ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Səlim Musayev 2010-cu il aprelin 7-də Bakıda vəfat etmişdir.

 (1937-2010)