![]() |
H.Mustafayev 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Moskva Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir. Moskvada Mineralogiya, Geokimya, Nadir Elementlərin Kristallokimyası İnstitutunun aspiranturasında oxumuşdur.
H.Mustafayev 1965-ci ildə fəlsəfə doktoru, 1975-ci ildə isə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.
H.Mustafayev 1956-1960-cı illərdə keçmiş SSRİ Geologiya Nazirliyinin Qırğızıstan və Azərbaycandakı istehsalat təşkilatlarında işləmişdir. 1963-cü ildə AEA-nın Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləməyə başlamışdır. H.Mustafayev metallogeniya, geokimya və petrologiya sahələrində görkəmli mütəxəssis olmuşdur. O, maqmatik formasiyaların petrologiyası və metallogeniyası məsələlərini həll etmək üçün statistik-mineraloji-geokimyəvi istiqamətli tədqiqatları inkişaf etdirmiş, mezozoy qranitoid kompleksi üzrə fundamental tədqiqatları yerinə yetirmişdir. Onun elmi proqnozu Kiçik Qafqazın şimal-şərq hissəsində sənaye əhəmiyyətli yeni mis-porfir filizləşməsinin kəşf olunması ilə təcrübədə təsdiq olunmuşdur. O, Azərbaycanın maqmatik formasiyalarının müasir təsnifatının, yeni metodika ilə tərtib olunmuş və 1979-cu ildə nəşr olunmuş “Azərbaycanın maqmatizm və metamorfizm xəritələri”nin və respublikanın maqmatik süxurlarının yeni təsnifatının müəlliflərindəndir. H.Mustafayev Azərbaycan ərazisinin filiz rayonlarının yeni təsnifatını tərtib etmiş, yataqların axtarışının mineraloji-geokimyəvi kriterilərini hazırlamış, ölkənin müxtəlif metallogenik zonalarında mis, qalay və bir sıra başqa metalların miqdarının proqnozlaşdırılması və resurslarının açılması imkanlarının nəzəri əsaslandırılması üzrə işlər aparmışdır. Həmkarları ilə birlikdə mis-kolçedan, kolçedan-polimetal, kolçedan-qızıl filizi yataqlarının geoloji-genetik modelləşdirilməsini, onların formasion analizini aparmış, ilk dəfə olaraq onların geoloji-mineraloji-geokimyəvi parametrlərinin informasiya dərəcəsini müəyyən etmişdir.
H.Mustafayevin 120-dən çox elmi əsəri, o cümlədən 5 monoqrafiyası (3-ü həmmüəlliflərlə) nəşr olunmuşdur. O, AMEA-nın Geologiya İnstitutunun Metallogeniya şöbəsinə başçılıq etmişdir.
H.Mustafayevə 1991-ci ildə Azərbaycanın Əməkdar geoloqu adı verilmişdir.
AMEA-nın müxbir üzvü Həmid Mustafayev 2011-ci ildə Bakıda vəfat etmişdir.
|
(1932-2011)
|