Neqreyev Vsevolod Fyodoroviç 1903-cü il iyunun 22-də Ukraynanın Kerç şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsini bitirmişdir.
1938-ci ildə dissertasiya müdafiə etmədən kimya üzrə fəlsəfə doktoru və 1951-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1953-cü ildə isə professor elmi adını almış. 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
1930-1959-cu illərdə Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda laboratoriya müdiri, 1959-1960-cı illərdə “Dənizneft” Dövlət Layihə İnstitutunda şöbə müdiri, 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri işləmişdir.
V.Neqreyevin əsas elmi fəaliyyəti metalların aqressiv mühit şəraitində korroziyadan mühafizə texnologiyasının işlənib hazırlanması və onun sənaye miqyasında tətbiq edilməsi istiqamətinə yönəlmişdir. O, dəniz neft-mədən, kimya zavodları, yeraltı neft və qaz kəmərləri metal avadanlıqlarının kimyəvi və elektrokimyəvi korroziyadan qorunması üçün əməli tədbirlər hazırlamış və tətbiq üçün tövsiyə etmişdir. V.Neqreyevin təklifi ilə hazırda dəniz neft mədənlərindəki polad dirəklər sink örtüyü vasitəsilə müvəffəqiyyətlə mühafizə olunur.
V.Neqreyevin işləyib hazırladığı metalların inhibitor vasitəsi ilə mühafizə üsulu 1960-1970-ci illərdə Krasnodar vilayətinin qaz mədənlərində geniş tətbiq edilmişdir. V.Neqreyevin əldə etdiyi elmi və praktik nəticələr onun «Коррозия оборудования нефтяных промыслов», «Защита от коррозии морских нефтепромысловых сооружений» və bir çox başqa əsərlərində öz əksini tapmışdır.
V.Neqreyev 250 elmi əsərin, 30 müəlliflik şəhadətnaməsi və 20-yə yaxın monoqrafiyanın müəllifidir.
V.Neqreyevin rəhbərliyi ilə 6 elmlər doktoru və 50 fəlsəfə doktoru hazırlanmışdır.
V.Neqreyev bir sıra müəlliflərlə birgə “Metal və neft-mədən avadanlıqlarının korroziyadan mühafizəsi” işinə görə Lenin mükafatına layiq görülmüş, Azərbaycan SSR-in Əməkdar elm və texnika xadimi adını almış, «Lenin», «Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri ilə təltif olunmuşdur.
AMEA-nın müxbir üzvü Vsevolod Neqreyev 1967-ci ildə vəfat etmişdir.
|
|
(1903-1967) |