Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Mövlud oğlu Nəbiyev 20 aprel 1945-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. 1963-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almış, 1968-ci ildə həmin universitetin aspiranturasına qəbul edilmişdir.
1972-ci ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1982-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamış (1967-1974), bir müddət sonra «Gənclik» nəşriyyatında redaksiya müdiri (1974-1976) olmuşdur. 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. A.Nəbiyev 1976-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasına uzun müddət rəhbərlik etmişdir. Bakı Dövlət Universitetinin nəşr etdiyi «Folklorşünaslıq məsələləri» jurnalının baş redaktoru olmuşdur. Görkəmli alim 2000-ci ildə Əməkdar müəllim fəxri adını almışdır. A.Nəbiyev uzun müddət AMEA Humanitar və İctimai Elmlər Bölməsi Bürosunun və AMEA Folklor İnstitutu Elmi Şurasının üzvü, «Folklorşünaslıq» ixtisası üzrə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi Akademiyanın elmi-təşkilati faəliyyətində aktiv iştirak etmişdir. Alim 200-dən artıq elmi əsərin, o cümlədən folklorumuzun ayrı-ayrı sahələrini əhatə edən 40-dan artıq monoqrafiyanın müəllifidir. Onun 15-dən artıq toplama və tərtib kitabı folklorşünaslar üçün mühüm qaynaqlar sırasındadır. Alimin ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulmuş irihəcmli və əhatəli əsərləri bu gün də folklorşünaslıq üzrə əsas tədris kitablarından hesab olunur. A.Nəbiyevin folklorun və ədəbiyyatın müxtəlif sahələrindən, mədəniyyət tariximizin və azərbaycançılığın aktual məsələlərindən bəhs edən yazılarında milli-mənəvi dəyərlərə, etnik tarixə, qloballaşma məsələlərinə və s. ciddi elmi münasibət özünü göstərir. Onun əsərləri Azərbaycan folklorunda əbədiləşən milli dövlətçilik tarixi, milli azadlıq hərəkatları, yeni və ən yeni tariximizin müxtəlif problemlərini əks etdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycanla Orta Asiya xalqlarının folklor əlaqələrinin tədqiqi istiqamətində ciddi əsərləri olan A.M.Nəbiyev 1980-ci illərdə Sovetlər Birliyi məkanında folklor əlaqələri sahəsində tanınmış tədqiqatçılardan biri hesab olunurdu. Onun elmi rəhbərliyi altında 5 elmlər doktoru və 20-dən artıq fəlsəfə doktoru yetişmişdir. Folklorşünaslıq sahəsi üzrə AMEA-nın yeganə müxbir üzvü olan Azad Nəbiyev 13 fevral 2012-ci ildə Bakı şəhərində vəfat etmiş və Qubanın II Nügədi kəndində dəfn edilmişdir. |
|
(1945-2012)
|