Nəcəfov İsmət Məhəmməd oğlu 1933-cu il yanvarın 21-də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir (1955).
Fəlsəfə doktoru (1960), elmlər doktoru (1976) elmi dərəcələrini, professor (1977) elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1959-cu ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim, dosent (1963-1977), kafedra müdiri (1988-2004), professor (1977) vəzifəsində çalışmış, Fizika fakültəsinin dekanı olmuşdur. İ.Nəcəfovun tədqiqatları nəzəri fizika, nüvə və elementar zərrəciklər fizikası sahəsinə aiddir. O, yönəlmiş spinə malik elektron və -kvantın nüvə sahəsində yaratdığı tormozlanma şüalanması və elektron-pozitron cütünün fotodoğulması proseslərini tam nəzəri tədqiq etmiş və ilk dəfə olaraq zərrəciklərin spin hallarını nəzərə almaqla tormozlanma fotonunun, elektronun və pozitronun polyarlaşma dərəcəsi ücün mühüm düsturlar almışdır. Sonra nüvəyə nöqtəvi qüvvə mərkəzi kimi yox, mürəkkəb quruluşa malik sistem kimi baxaraq onun həm elastik form-faktorlarını (F1,2 (q2)), həm də qeyri-elastik struktur funksiyalarını (W1,2 (q2, pq)) nəzərə almaqla məsələni qenişləndirmiş və tamamlamışdır. Çoxfotonlu (2-qat, 3-qat, 4-qat) tormozlanma şualanması və nüvə sahəsində -kvantın е+е- cütü və bir necə fotonu yaratması proseslərini nəzəri araşdırmış və konkret nəticələrlə yanaşı (spin effektləri) bu proseslərdə ümumi qanunauyğunluq tapmışdır. İlk dəfə kristal mühitdə yuksək enerjili zərrəciklərin polyarlaşmasını nəzərə alaraq kristalda tormozlanma şüalanması və е+е- cütünün fotodoğulması proseslərinin tam nəzəriyyəsini vermişdir. Onun kristal mühitdə tormozlanma fotonu, elektron və pozitronun polyarlaşması ücün verdiyi düsturlar dünyanın 14 ölkəsində sürətləndiricilər ücün işci düsturları olmuşdur. İlk dəfə kristal mühitdə yaranan elektromaqnit leysanının kaskad nəzəriyyəsini vermiş və leysan zərrəciklərinin polyarlaşmasını nəzərə almaq üsulunu təklif etmişdir. Onun 50-dən artıq məqaləsi ABŞ Stenford Universiteti və SLAC Beynəlxalq mərkəzin elm fonduna daxil edilmişdir. İ.Nəcəfov 171 elmi əsərin, 1 dərs vəsaitinin müəllifidir. Rəhbərliyi altında 8 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanmışdır. Əməkdar müəllim fəxri adı verilmiş (2000), “Şöhrət” ordeni (2009) ilə təltif edilmişdir. AMEA-nın müxbir üzvü İsmət Nəcəfov 2015-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1933-2015)
|