Rüstəmov Paşa Həbib oğlu 1920-ci il mayın 20-də Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir (1941).
1957-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor elmi adını almış, 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. 1959-1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri, 1983-cü ildən ömrünün axırına kimi Azərbaycan Dövlət Universitetində (indiki BDU) kafedra müdiri olmuşdur. P.Rüstəmov respublikada fiziki-kimyəvi analizin və yarımkeçiricilər kimyasının əsasını qoyanlardan biri olmuşdur. O, ikili, üçlü və daha mürəkkəb sistemlərin hal diaqramını öyrənmiş, yarımkeçirici materialların sintezi və tədqiqində diqqətəlayiq nəticələr əldə etmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yüksək temperaturda davamsız kükürdlü birləşmələrin sintez şəraiti təkmilləşdirilmiş və materialşünaslıqda istifadə üçün tövsiyə edilmişdir. P.Rüstəmovun elmi məqalə və ixtiralarında xalkogenid birləşmə və bərk məhlullar əsasında onun yaratdığı yüksək effektli fotoçeviricilər, termoelektrik materiallar və radiasiya fazasını təyin etmək üçün qamma-detektorlarının hazırlanma texnologiyaları öz əksini tapmışdır. P.Rüstəmov 600-dən çox elmi əsərin, o cümlədən 51 müəlliflik şəhadətnaməsi və 14 monoqrafiyanın müəllifidir. P.Rüstəmovun rəhbərliyi ilə 10 elmlər doktoru, 50 fəlsəfə doktoru hazırlanmışdır. O, I dərəcəli “Vətən müharibəsi” ordeninə, Akademik Kurnakov adına medala və Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Paşa Rüstəmov 1997-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1920-1997) |