Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Salayev Məmmədəmin Məmmədəli oğlu
Salayev Məmmədəmin Məmmədəli oğlu 5 aprel 1909-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Kənd təsər­rüfatı fakültəsini bitirib (1930).

Elmlər namizədi (1941) və elmlər doktoru (1966), professor (1968) elmi adını alıb, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1972) seçilib.

M.Salayev Azərbaycan Təcrübə Seleksiya Stansiyasında (Gəncə şəhəri) kiçik elmi işçi (1930-1933), Ümumittifaq Aqrotorpaqşünaslıq və Gübrə İnstitutunun Azərbay­can filialının baş elmi işçisi (1933-1935), Lomonosov adına Moskva Dövlət Univer­site­tinin Torpaqşünaslıq Elmi Tədqiqat İnstitutunun aspirantı (1935-1938), SSRİ Elmlər Aka­demiyası Azərbaycan filialının Torpaqşünaslıq Bölməsində baş elmi işçi (1938-1940), Azərbaycan EA Kənd Təsərrüfatı Elmləri Bölməsinin elmi katibi (1945-1947), Tor­paqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laborato­riyasının rəhbəri (1945-1987), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor müavini (1951-1953), İnstitutun müvəqqəti direktoru (1961-1963), İnstitutun di­rek­toru (1983-1987), Torpaqşünaslıq və Aqrokimya İnstitutu­nun Namizədlik Dis­sertasiyası üzrə Müdafiə Şurasının sədri, 1987-ci ildən ömrü­nün sonuna kimi Torpaqşünaslıq və Aqro­kimya İnstitutunun müşaviri, institutdakı  Dok­torluq Dissertasiyasının Müdafiə üzrə D-004.16.01 İxtisaslaşdırılmış Şuranın sədri vəzifəsində  çalışıb.

M.Salayevin tədqiqatı torpaqların sistematikasına, xəritələşdirilməsinə, torpaq meliorasiyası məsələlərinə, Kiçik Qafqaz dağlıq vilayəti torpaqlarının morfoloji, gene­tik və kimyəvi-mineraloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü, SSRİ Nazirlər Soveti yanında Elm və Texnika üzrə Komissiyanın, Azərbaycan Sovet Ensiklopediyası Elm-Redak­siya Heyətinin, AR Ali Attestasiya Komissiyasının Biologiya və Kənd təsərrüfatı elm sahələri üzrə Ekspert Komissiyasının üzvü olmuşdur.

5 kitab, 100 məqalə, 96 xəritənin müəllifidir.

Yüksək ixtisaslı 1 elmlər və 25 fəlsəfə doktoru hazırlamışdır.

Əməkdar elm xadimi adına layiq görülmüş, dəfələrlə orden, medal və fəxri fər­manlarla təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Məmmədəmin Salayev 2000-ci ildə Bakıda vəfat etmişdir.

(1909–2000)