Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Tahirov Vladimir İsmayıl oğlu
Tahirov Vladimir İsmayıl oğlu 1932-ci il aprelin 5-də Qərbi Azərbaycanın Urud kən­dində anadan olmuşdur.

Ağdam Müəllimlər İnstitutunu və Azər­baycan Dövlət Universitetinin Fizi­ka-riyaziyyat fakültəsini bitirmişdir. Fizika üzrə elm­lər doktoru, professoru olmuşdur. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri, Bakı Dövlət Universitetində kafedra müdiri, sonra isə professor vəzifələrində ça­lış­mışdır.

Bir sıra yarımkeçiricilərin fundamental xassələrini tədqiq etmiş, geniş spektrli xassələrə malik, böyük perspektivi olan yeni üçqat yarımkeçirici birləş­mələr almışdır. Kompleks tədqiqatlar nəticəsində bu maddələrin fun­damental udma kənarının, qadağan olunmuş zonalarının, rəqs spektrlərinin, homo- və hetero-keçidlərinin xüsusiyyətləri, foto- və katodo-lüminessensiya hadisələri­nin, yükdaşıyıcıların səpilmə mexanizmlərinin, aşqarların bir-biri ilə qarşılıqlı təsirinin xarakterini müəyyən etmiş, bir sıra yeni metodlar işlə­yib hazırla­mış­dır. Bunlardan: güclü seqreqasiyaya malik olan bərk məhlulların mono­kris­tallarının alınma üsulu, güclü buxarlanan komponenti olan peritektik bir­ləşmələrin monokris­tallarının alınma üsulu, aşqar səviyyələrinin təyin edil­məsinin yeni üsulu, bərk cisimlərin istilik tutumunun təyin edilməsinin eks­pres üsulu, p-tip yarımke­çiricilərdə dərin donor səviyyələrinin aşkara çıxa­rılması üsulu və s. göstərmək olar.

V.Tahirov 241 elmi məqalə, 65 tezis, 3 monoqrafiya, 9 dərslik, 2 müəlliflik şəha­dət­naməsi, 12 patentin müəllifidir.  

AMEA-nın müxbir üzvü Vladimir Tahirov 2014-cü ildə Bakıda vəfat etmişdir.

(1932-2014)