Vəliyev Zöhrab Əhməd oğlu 1953-cü il iyunun 4-də Naxçıvan şəhərində anadan olmuşdur.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetini fizika ixtisası üzrə bitirmişdir. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Z.Vəliyev Naxcıvan Dövlət Universitetində dekan, elmi işlər üzrə prorektor vəzifələrində calışmışdır. Z.Vəliyevin əsas elmi tədqiqatları xarici elektrik, klassik və kvantlayıcı maqnit sahələrində qıraq yüklü dislokasiyalı yarımkeçiricilərin elektrik, fotoelektrik və optik xassələrinin ardıcıl nəzəriyyəsinin qurulması; elektron və deşik keçiriciliyinə malik yarımkeçirici kristallarda hərəkət edən yüklü dislokasiyaların modelinin verilməsi və onun əsasında deformasiya lüminesensiya hadisəsinin, elektronların dinamik həyəcanlaşma effektinin, dislokasiya xarakterli sövq cərəyanlarının araşdırılması; parçalanmış dislokasiyalar sisteminin tədqiqi və alınan nəticələr arasında yarımkeçirici birləşmələrdə dislokasiyaların tipinin təyini üçün yeni rezonans üsulunun verilməsi; qıraq dislokasiyalarda elektronların Viqner kristallaşmasının tədqiqi və bu kristallaşmanı müşahidə etmək üçün yeni rezonans üsulunun təklifi; qıraq dislokasiyalı yarımkeçiricilərdə rekombinasiya dalğalarının yayılmasının tədqiqi; yarımkeçirici kristallarda istiqamətlənmiş qıraq yüklü dislokasiyalar sisteminin əmələ gətirdiyi yəhərvari nöqtəyə malik potensial çəpərin elektrofiziki parametrlərinin tədqiqi, bu tip kristallarda Volt-amper və Volt-farad xarakteristikalarının təyini və cərəyanın keçmə məsələsinin nəzəriyyəsinin verilməsi; həm akustik fononlardan elastik səpilmə zamanı, həm də optik fononlardan qeyri-elastik səpilmə zamanı elektron keçiriciliyinə malik qıraq yüklü dislokasiyaları yarımkeçirici kristallarda qeyri-əsas yükdaşıyıcıların xarici sahə olmadıqda, xarici elektrik sahəsində, xarici klassik və kvantlayıcı maqnit sahələrində, xarici elektromaqnit sahəsində və eyni zamanda, onların müxtəlif kombinasiyalarında rekombinasiya hadisəsinin nəzəriyyəsinin işlənilməsidir. Z.Vəliyev 93 (onlardan 24-ü xaricdə) elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 1 fəlsəfə doktoru dissertasiya müdafiə edilmişdir. AMEA-nın müxbir üzvü Zöhrab Vəliyev 2003-cü ildə vəfat etmişdir. |
|
(1953-2003)
|