Yolçiyev Yaqub Yamin oğlu 1938-ci il dekabrın 21-də Zəngəzur mahalının Sisyan bölgəsinin Urud kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1964).
Biologiya üzrə fəlsəfə (1971) və elmlər doktorluğu (1984) dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə professor elmi adını almış və AMEA-nın müxbir üzvü seçilmişdir. Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiri, 2002-ci ildən ömrünün sonunadək AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. AMEA Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri olmuşdur. Y.Y.Yolçiyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə zoologiyanın, o cümlədən də parazitologiyanın inkişafı üçün vacib parazit-sahib münasibətlərinin molekulyar və biokimyəvi əsaslarını tədqiq edən yeni elmi istiqamət yaradılmış, parazit-sahib münasibətlərinin problemləri hüceyrə və orqanizm səviyyəsində, eləcə də parazit-sahib sistemi komponentləri arasındakı biokimyəvi qarşılıqlı təsirlər şəklində öyrənilmişdir. Y.Y.Yolçiyev heyvanlar aləmində parazit həyat tərzinin immunoloji əsaslarını öyrənərək bu sahədə böyük nailiyyətlər əldə etmişdir. Koksidilərin (Eimeria, Sarcocystis cinsləri) müxtəlif inkişaf mərhələlərinin biokimyəvi tərkibini öyrənmiş, ev toyuqlarının, qoyunların və camışların eymeriozu və sarkosporidiozu zamanı zülal, aminturşu, Krebs dövriyyəsi komponentlərinin və onların mübadiləsində iştirak edən fermentlərin fəallığında baş verən biokimyəvi dəyişiklikləri müəyyənləşdirmiş, parazit-sahib münasibətlərinin biokimyəvi mahiyətinin bəzi məsələlərini nəzəri cəhətdən əsaslandırmaqla eymeriyaların oosistalarının təmiz kulturasının alınması, biokimyəvi göstəricilərə görə antikoksidioz preparatların effektivliyinin qiymətləndirilməsi, aminturşuların alkil törəmələrinin eymeriozların müalicəsində tətbiqi metodlarını ixtira etmiş, ev toyuqlarının eymeriozları zamanı T- və B- limfositlərin immunitetdə rolunu öyrənmişdir. Ev quşlarının, ev donuzlarının, gəmiricilərin parazit ibtidailərinin növ tərkibini, ekologiyasını, növ və populyasiya daxili dəyişkənlikləri, biokimyəvi və karioloji göstəricilərə görə yerli toyuq və camiş cinslərinin genofondunu, parazitar xəstəliklərə dözümlülüyünü tədqiq etmiş, kənd təsərrüfatı heyvanlarında koksidioz xəstəliyi ilə mübarizəyə dair tövsiyələr hazırlamışdır. O, 100-dən çox elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. Zoologiya, parazitologiya, biokimya və baytarlıq üzrə xarici ölkələrdə və Azərbaycanda keçirilmiş 20-dən çox qurultay, simpozium və konfranslarda iştirak edərək məruzələrlə çıxış etmişdir. Y.Yolçiyevin elmi rəhbərliyi altında 7 fəlsəfə doktoru, 1 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Y.Y.Yolçiyev məşhur koksidioloq alim kimi Beynəlxalq Nobel Nəşriyyatı Təşkilatının təsis etdiyi “Journal of Applied Biological Sciences” jurnalının redaksiya heyətinə üzv seçilmişdir. “Şöhrət” ordeni, “Əmək veteranı” medalı və bir sıra fəxri fərmanlarla təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Yaqub Yolçiyev 2007-ci il fevralın 20-də Bakıda vəfat etmişdir. |
|
(1938-2007) |