Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov 1911-ci il oktyabrın 10-da Şərur rayonunun Maxta kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsini bitirmişdir (1939). Filologiya üzrə namizədlik (1968) dissertasiyası kimi təqdim etdiyi tədqiqata birbaşa doktorluq elmi dərəcəsi verilmişdir. 1971-ci ildə professor elmi adı almış, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. «Gənc işçi» qəzetində məsul redaktor müavini (1933-1934), «Ədəbiyyat qəzeti»ndə məsul katib, Azərnəşrin Bədii ədəbiyyat şöbəsinin müdiri (1937-1939), 1939-cu ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim vəzifələrində çalışmışdır. Ordu sıralarından tərxis edildikdən sonra Azərbaycan Dövlət Universitetində baş müəllim (1948-1960), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi (1960-1968), Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru (1968-1971), Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979), həmin kafedranın professoru (1979-1993) olmuşdur. A.Zamanov ədəbi-elmi yaradıcılığa 30-cu illərdə başlamışdır. XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrinin ədəbi irsi haqqında tədqiqatlar aparmışdır. Xüsusilə onun C.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığının ədəbi-ictimai mühitlə əlaqəsi probleminə həsr olunmuş əsərləri ədəbiyyatşünaslığımızda sənətkar və onun yaşadığı dövrlə münasibətləri kimi yeni bir istiqamətin əsasını qoymuşdur. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, Əliqulu Qəmküsar irsinin elmi prinsiplər əsasında nəşri sahəsində alimin xidmətləri çox qiymətlidir. Onun Azərbaycan, fars və rus dillərində tərtib və nəşr etdirdiyi «Hophopnamə» dünyanın bir çox ölkələrində yayılmış və həmin kitabın yeni nəşrləri ilə nəticələnmişdir. A.Zamanov «I dərəcəli Vətən müharibəsi» ordeni, döyüş və əmək xidmətlərinə görə medallarla təltif edilmiş, Əməkdar elm xadimi fəxri adı almış (1980), Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) Fəxri doktoru (1988) seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn edilib. |
|
(1911-1993) |