Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsini bitirmişdir (1936).
1941-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını almış, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. 1968-1970-ci illərdə Azəbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1970-1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1983-cü ildən ömrünün sonuna kimi həmin institutda laboratoriya müdiri işləmişdir. Z.Zülfüqarovun elmi fəaliyyəti respublikada güclü potensial ehtiyatlara malik olan mineral xammalın - alümosilikatların, seolitlərin, bentonit gil minerallarının və başqa mürəkkəb oksid sistemlərin neft fraksiyalarının emalında katalizator və adsorbent kimi işlənilməsi istiqamətinə yönəlmişdir. Bu tip katalizator və adsorbentlərin hazırlanma şəraitinin təkmilləşdirilməsi nəticəsində alim onların fiziki-kimyəvi xassələri, səthlərinin kimyəvi təbiəti ilə katalitik və uduculuq qabiliyyətləri arasındakı qarşılıqlı əlaqənin təbiətini öyrənmiş, konkret korrelyasiya qanunauyğunluqlarını aşkar etmişdir. Z.Zülfüqarovun əldə etdiyi elmi nəticələr onun «Krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə sintez şəraitinin təsiri», «Azərbaycan bentonit gillərinin və qumbrinin fiziki-kimyəvi xassələri və ağardıcı qabiliyyətlərinin tədqiqi», “Modifikasiya olunmuş Y-tipli seolitlər əsasında heterogenləşdirilmiş katalizatorlar” və bir çox başqa əsərlərində öz əksini tapmışdır. Z.Zülfüqarov 400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 monoqrafiyanın müəllifidir. Z.Zülfüqarovun rəhbərliyi ilə 7 elmlər doktoru, 47 fəlsəfə doktoru hazırlamışdır. Z.Zülfüqarov II dərəcəli “Vətən Müharibəsi” ordeni və 16 müxtəlif medalla təltif olunmuş, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı olmuş və Azərbaycan SSR-in Əməkdar elm xadimi adına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov 1992-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1913-1992)
|