Rauf Vəli oğlu Hüseynov 12 iyun 1940-cı ildə Göyçay şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Mexanika-riyaziyat fakültəsini bitirmişdir.
1964-1967-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı, 1991-1994-cü illərdə həmin universitetin doktorantı olmuş, 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 1972-1979-cu illərdə Həsənbəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır. 1979-1990-cı illərdə Çingiz İldırım adına Politexnik İnstitutunun Gəncə filialında müəllim, dosent, Ali riyaziyyat kafedrasının müdiri işləmişdir. 1990-2002-ci illərdə R.Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, Funksional analiz şöbəsinin müdiri, baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Hocatepe Universitetinin professoru, 2006-cı ildə isə Milli Aviasiya Akademiyasının professoru olmuşdur. Alim 2007-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri idi. R.Hüseynov funksional analiz sahəsində dünya şöhrətli Moskva riyaziyyat məktəbinin yetirməsidir. O, inteqral və ölçü nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər sahəsində bir sıra mühüm nəticələrin müəllifi idi. Alim tərəfindən Qauss ölçülü xətti fəzalarda təyin olunmuş funksionalların Furye tipli çevirmələrinə aid mühüm nəticələr alınmış və belə çevirmələrin xassələri öyrənilmişdir. Kvant fizikası məsələlərində meydana gələn variasiya törəməli diferensial tənliklərin həlli üçün bu çevirmə onun tərəfindən tətbiq olunmuşdur. Xüsusi törəməli tənliklər sahəsində R.Hüseynov tərəfindən kvazielliptik tənliklər üçün sərhəd məsələləri sistemli şəkildə öyrənilmişdir. Bu məsələ J.L.Lions və E. Majenesin məşhur “Qeyri-bircins sərhəd məsələləri və onların tətbiqləri” monoqrafiyasında ifadə olunmuş və onun həllinin mühümlüyü qeyd olunmuşdur. Kvazielliptik sərhəd məsələlərinin sistemli öyrənilməsi üçün alim tərəfindən anizotrop Sobolev fəzalarında Hardi tip və Puankare tip bərabərsizliklərin nəzəriyyəsi inkişaf etdirilmişdir ki, bu da geniş sinif kvazielliptik məsələlərin həll olunmasına yardım etmişdir. R.Hüseynov 51 elmi işin müəllifi idi. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 1 fəlsəfə doktoru hazırlanmışdır. AMEA-nın müxbir üzvü R.Hüseynovun elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, o, 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.Tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Hüseynov 2019-cu il fevralın 21-də ömrünün 79-cu ilində vəfat edib.
|
|
(1940-2019) |