Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Rüstəmov Yavuz İsmayıl oğlu
Yavuz Rüstəmov 1933-cü il may ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1952-ci ildə Ordubad şəhər 1 saylı orta məktəbini, 1957-ci ildə isə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Alim həmin il təyinatla Sumqayıt “Sintetik kauçuk” zavoduna göndərilmiş, 1957-1961-ci illərdə sözügedən zavodda növbə rəisi və polimerləşmə sexinin texnoloqu vəzifələrində çalışmışdır.

1961-1963-cü illərdə Yavuz Rüstəmov Azərbaycan Xalq Təsərrüfatı Şurasında baş mütəxəssis, 1963-1969-cu illərdə “Sumqayıt superfosfat” zavodunda baş mühəndis kimi fəaliyyət göstərmişdir. Zavodun texniki şurasının sədri kimi bütün istehsal sahələrinin tikilib başa çatdırılmasına, onların istismar olunmasına və bir sıra proseslərin təkmilləşdirilməsinə bilavasitə rəhbərlik etmişdir.

Professor Yavuz Rüstəmov 1969-cu ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. O, 1973-cü ildə texnika üzrə elmlər namizədi, 1984-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1994-cü ildə isə professor elmi adını almışdır. 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

Onun elmi yaradıcılığında kimya texnologiyasının nəzəri əsaslarının işlənib hazırlanması, çoxfazalı sistemlərdə kinetik, hidrodinamik, istilik və maddələr mübadiləsi proseslərinin modellərinin yaradılması, kimyəvi sistemlərin tam riyazi modellərinin tərtibi, kimya proseslərinin mexanizmi ilə texnoloji və aparat tərtibi arasındakı əlaqənin nəzəri prinsiplərinin hazırlanması kimi məsələlər mühüm yer tutmuşdur. Alimin rəhbərliyi altında tozvari maddələrin dənəvərləşdirilməsi, onların polimer örtüklərlə kapsullaşdırılması, qurudulması, kapsuləmələgətirən polimerlərdən olan sellülozanın törəmələrinin müxtəlif xammallardan alınması proseslərinin yeni üsulları işlənib hazırlanmış, natrium-karboksimetilsellülozun alınması prosesinin elmi əsasları yaradılmışdır.

Alimin elmi-tədqiqat işlərinin nəticələri 1 monoqrafiya, 200-dən çox elmi əsər və 20-dən artıq müəlliflik şəhadətnaməsində əksini tapmışdır. 

AMEA-nın müxbir üzvü Y.Rüstəmov apardığı elmi işlərin nəticələrinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Gümüş medalı”, “SSRİ ixtiraçısı” döş nişanı, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomu və Fəxri fərmanına layiq görülmüşdür. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın 60-illik yubileyi münasibətilə dövlət başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Yavuz İsmayıl oğlu Rüstəmov 2019-cu il oktyabrın 8-də 86 yaşında vəfat etmişdir.

(1933-2019)