Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Səmədova Fazilə İbrahim qızı
 

Fazilə İbrahim qızı Səmədova 1929‑cu il martın 29‑da Şamaxı şəhərində ziyalı ailəsində anadan olub. 1946‑cı ildə Bakı şəhər 132 saylı məktəbi qızıl medalla bitirib, həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (ASİ) Kimya-texnologiya fakültəsinə qəbul olub. O, 1952‑ci ilin dekabrına qədər Yeni Bakı Neftayırma Zavodunda növbətçi mühəndis vəzifəsində çalışıb, sonra Azərbaycan Sənaye İnstitutunun Neftin kimyası və texnologiyası kafedrasına aspiranturaya qəbul edilib, 1954‑cü ilin aprelində isə M.Qubkin adına Moskva Neft İnstitutunun Yağların və sürtkülərin texnologiyası kafedrasına aspirant kimi köçürülüb.

1956‑cı ildə “Yağların kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra ASİ-nin Neft kimyası və texnologiyası kafedrasında asistent, dosent və kafedranın professoru vəzifələrində çalışıb. Alim 1960-1981-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Yağların kimyası və texnologiyası laboratoriyasında böyük elmi işçi vəzifəsində işləyib. O, 1982‑1988‑ci illərdə ASİ‑də ixtisas fənnindən dərs deyib, aspirantların elmi rəhbəri olub. 1986‑cı ildən ömrünün sonlarına qədər isə NKPİ-nin Neftlərin tədqiqi və yağların texnologiyası laboratoriyasına rəhbərlik edib.

Onun bütün elmi fəaliyyəti neft və neftayırma sənayelərinin işi ilə sıx əlaqədə olub. O, Azərbaycan neftlərinin tərkib və xassələrinin öyrənilməsi, onlardan yüksək keyfiyyətli baza yağlarının alınması üçün yüksək iqtisadi səmərəli texnoloji proseslərin işlənib hazırlanması ilə məşğul olub. Alimin və eləcə də yaratdığı məktəbin tədqiqat işlərinin nəticəsi respublikada neft ehtiyatının hesablanmasında, neftlərin çeşidlənməsi, nəqli və emalında istifadə edilərək bu sahələrin inkişafına kömək edib.

F.Səmədova Bakı neft emalı zavodlarında bir sıra böyük elmi və təcrübi əhəmiyyətli tədqiqatlar apararaq baza yağlarının xammal mənbəyinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması və istehsal texnologiyasının təkmilləşdirilməsinə həsr edilmiş problemə aid tədqiqat işlərinə rəhbərlik edib və onların tətbiqinə nail olub. Onun rəhbərliyi ilə aparılan tədqiqatların nəticəsində müəyyən edilib ki, Azərbaycanın yeni yataqlarından çıxarılan parafinli neftlər öz xassələrinə görə köhnə yataqlardan çıxarılan parafinli neftlərə yaxın olub, yüksək stabilliyə malik müxtəlif çeşidli baza yağları almaq üçün qiymətli xammaldır. İlk dəfə F.Səmədovanın həmkarları ilə birlikdə apardığı tədqiqatlar nəticəsində göstərilib ki, Bakı Neftayırma Zavodunda qalıq yağların istehsalının artırılması, ağır neft qalıqlarının ikipilləli deasfaltizasiya prosesinin tətbiqi ilə əldə edilə bilər. Bu prosesin Azərbaycan neftlərinin qalıqlarının emalı üçün daha səmərəli olması da sübüt edilib. Eyni zamanda tədqiqatların nəticəsi göstərib ki, fasiləsiz adsorbsiya və hidrokrekinq prosesləri də Azərbaycan neftlərindən baza yağları almaq üçün səmərəlidir. F.Səmədovanın rəhbərliyi ilə vazelinlərin (tibbi və texniki) müxtəlif üsullarla fərqlənən xammaldan alınma texnologiyası işlənib hazırlanıb və patentləşdirilib.

1960‑1973‑cü illərdə aparılan tədqiqatların nəticəsi alimin “Bakı parafinli neftlərindən yüksək iqtisadi səmərəli texnologiyalarla distillat və qalıq yağlarının alınmasının tədqiqi və Azərbaycanda istehsalı perspektivləri” mövzusunda dissertasiya işində əksini tapıb və o, müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb. 1987‑ci ildə ona “Neftin və qazın texnologiyası” ixtisası üzrə professor elmi adı verilib. Elmi və pedaqoji fəaliyyətinə görə, 1991‑ci ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb. 1995‑ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001‑ci ildə isə AMEA‑nın müxbir üzvü seçilib.

F.Səmədovanın elmi-tədqiqat işlərinin nəticəsi 530 elmi əsərdə, o cümlədən 24 monoqrafiya, 1 publisistik kitab, 64 müəllif şəhadətnaməsində və patentdə öz əksini tapıb. Onun rəhbərliyi altında 4 elmlər, 20 fəlsəfə doktoru hazırlanıb.

AMEA-nın müxbir üzvü Fazilə İbrahim qızı Səmədova 2020-ci il yanvar ayının 1-də vəfat edib.

(1929-2020)