Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Seyidov Nadir Miribrahim oğlu
Seyidov Nadir Mir İbrahim oğlu1932-ci il aprelin 28-də Naxçıvan şəhərində ana­dan olmuşdur. 1955-ci ildə Azərbaycan Döv­lət Uni­versitetinin Kimya fakül­təsini bitir­mişdir.

N.Seyidov 1960-cı ildə texnika üzrə fəl­səfə doktoru, 1970-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almış, 1989-cu ildə Azər­baycan EA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir.

N.Seyidov 1955-ci ildə Elmi İstehsalat Olefinlər İnstitutunun 2 saylı “Poçt qutusu” müəssisəsində laborant, kiçik elm işçi, sektor rəhbəri, şöbə müdiri (1957-1961), Elastomerlər laborato­riyasının rəhbəri (1961-1992), “Elasto­mer” kiçik müəssisənin direktoru (1992-1994), Elmi İstehsalat Ole­finlər İnsti­tu­tu­nun elmi işlər üzrə direktor müavini (1995-1997) işləmişdir.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi-məslə­hətçi (1997-2008), AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibinin müavini (2007-2008), AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi (2008-2013) vəzifə­lərində çalışmışdır.

N.Seyidovun elmi fəaliyyəti əsasən polimer kimyası və neft-kimya sintezi problemlərinin həllinə yönəlib. O, Azərbaycanda polimer kimyası sa­həsində geniş tədqiqatlar aparmış yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi əməyi olan alimlərdən biridir. Onun rəhbərliyi ilə aşağı molekullu olefinlər əsa­sında sintetik kauçuklar alınması sahəsində geniş tədqiqatlar aparılmış, etilen-propilen və başqa olefinlər əsasında kauçukların yeni üsulla alınması prosesi işlənib hazırlanmışdır.

Bu tədqiqatlardan biri də etilen-propilen kauçuku üçün dienlərin sin­tezi üsullarının və istehsal texnologiyasının işlənib hazırlanmasıdır. Bu isti­qa­mətdə heksadien-1,4 və etilidennorbornenin alınması üsulları işlənmiş, pro­se­sin tex­nologiyaları iri təcrübə qurğularında sınaqdan keçirilmişdir. Etili­den­nor­borne­nin istehsalı sənayedə (Nijnekamsk İstehsalat Birliyi) həya­ta keçirilmişdir. Onun rəhbərliyi ilə dünya praktikasında məlum olmayan metallik alüminium və xlorkarbohidrogenlər əsasında yüksək aktivliyə və stabilliyə malik olan yeni növ katalizatorlar yaradılmışdır. Bu katalizatorlar sənaye miqya­sında Sumqa­yıt, Nijnekamsk, Tolyatti istehsalat birliklərində müvəffəqiy­yətlə tətbiq olun­muşdur.

N.Seyidovun elmi tədqiqatlarının nəticələri 365 elmi əsərdə, o cüm­lədən 100 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmış, əsərlərinin çox his­səsi xaricdə çap olunmuşdur.

Onun elmi rəhbərliyi altında 2 elmlər doktoru və 33 fəlsəfə doktoru hazır­lanmışdır.

N.Seyidov “Şöhrət” və “Şərəf Nişanı” ordenləri və medallarla təltif olunmuş, Əmək­dar elm xadimi adına layiq görülmüşdür.

2012-ci ildən Prezident təqaüdçüsü olmuşdür.

Akademik Nadir Seyidov 5 oktyabr 2015-ci ildə Bakıda vəfat etmişdir.

(1932-2015)