Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Qarayev Siyavuş Fərhad oğlu
Qarayev Siyavuş Fərhad oğlu 1942-ci il aprelin 30-da Samux rayonunda anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Uni­ver­siteti­nin Kimya fakül­təsini bitirmişdir.

S.Qarayev kimya üzrə fəlsəfə doktoru (1970) və elmlər doktoru (1981) elmi dərə­cəsini, professor elmi adını almışdır (1984). 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmiş­dir.

S.Qarayev əmək fəaliyyətini Ümumit­tifaq Elmi-tədqiqat Olefinlər İns­titu­tunda mühəndis kimi başlayaraq, Azər­baycan Neft və Kimya İnstitu­tunun əyani aspirantı olmuşdur (1967-1970). Həmin institutda ardıcıl olaraq böyük elmi işçi və dosent vəzifələrində çalış­mışdır (1970-1981). O, 1982-ci ildən Üzvi və bioloji kimya kafedrasının müdiri, Doymamış karbohidro­genlərin hetero­atom­lu törəmələri problem laboratoriyasının elmi rəhbəri olmuşdur. 1988-1997-ci illərdə Kimya-texnologiya fakültəsinin dekanı vəzi­fəsini tutmuşdur. 1997-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının rektoru olmuşdur. Üzvi kimya sahəsində görkəmli alimlərdən biri olmuş S.Qarayev tərəfindən zərif üzvi sin­tezin, doymamış heterofunksional birləş­mə­lərin alınma üsullarının işlənməsi, quruluşunun öyrənilməsi, kimyəvi davranış qanunauyğunluqlarının və praktiki cəhətdən dəyərli xas­sə­lərinin aşkar olunmasına qeyri-ənənəvi yanaşmanı özün­də əks etdirən pers­pektiv isti­qaməti inkişaf etdirilmişdir. Onun tərəfindən funksional əvəzlənmiş alkinlərin katalitik çevrilmələrinin, molekul­daxili qrup­laş­malarının yeni qa­nunauyğun­luqları tapılmış, molekuldaxili tsikl­ləş­mənin ye­ni özünəməxsus reaksiyaları kəşf edilmişdir. Bunlardan endotsiklik doymamış rabitəsi olan gər­gin həlqəvari sistemlərin sintezi probleminin ekspe­rimental yolla əsaslan­dırılmış həlli prinsipləri xüsusi maraq kəsb edir.

S.Qarayev 600-ə yaxın elmi əsərin, o cümlədən 70 müəlliflik şəhadət­na­məsi və patent, 4 monoqrafiya, 17 dərslik və dərs vəsaitinin müəllifidir. O, 70-dən çox beynəlxalq və regional elmi konfrans və simpoziumlarda mə­ruzə etmişdir. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olu­nur. Onun rəhbər­liyi altında 1 elmlər doktoru və 25 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.

S.Qarayev “Azərbaycan ali texniki məktəblərinin xəbərləri” elmi jur­na­­lının baş redaktoru, bir neçə elmi və ictimai-siyasi nəşrlərin redaksiya hey­ətinin üz­vü olub. O, Nyu-York Elmlər Akademiyası, Beynəlxalq Ekoener­getika Akade­mi­yası, Beynəlxalq Mühəndislik Akademiyası, Beynəlxalq Elmlər Akademiyası, Azər­bay­can Mühəndislik Akademiyası, Türk Dünyası Araş­dırmaları Beynəlxalq Elmlər Akademiyası, Rusiya Təbiət Elmləri Aka­de­miyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professoru olmuşdur.

S.Qarayev “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, “Şöhrət” orde­ni ilə təltif olunmuş, beynəlxalq təşkilatların diplom, nişan və medalları ilə mükafatlandırılmışdır.

Akademik Siyavuş Qarayev 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 (1942-2015)