(1926-2014) |
Quliyev Nəriman Ağaqulu oğlu 1926-cı il dekabrın 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir.
1957-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1975-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir. AEA Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışmışdır. 1992-2003-cü illərdə Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökümətinin səlahiyyətli nümayəndəsi olmuşdur. N.Quliyevin elmi fəaliyyəti elementar zərrəciklərin fundamental qarşılıqlı təsirlərinin nəzəri əsaslarının öyrənilməsinə, zəif qarşılıqlı təsirin bir zərrəcikli mübadilə modellərinin, simmetriyanın spontan pozulmasına əsaslanan kalibrləmə modellərinin qurulmasına, Standart Model və onun müxtəlif genişləndirilmiş variantları çərçivəsində elektrozəif proseslərin bir sıra xarakteristikalarının hesablanmasına və onların təcrübələrdə müşahidə edilmə imkanlarının araşdırılmasına həsr olunmuşdur. Rəhbərliyi altında 40 ilə yaxın müddət ərzində Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan MEA arasında birgə elmi tədqiqat işləri aparılmışdır. Azərbaycan Respublikası Avropa Nüvə Tədqiqatlar Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın təşkilatçılarındandır və bu tədqiqatların inkişafına mühüm töhfələr vermişdir. Onun təşəbbüsü ilə 1993-cü ildə AEA Fizika İnstitutu ATLAS layihəsinin icraçıları Şurasına daxil edilmişdir. 100-dən artıq elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 10-dan artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. N.Quliyev 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şöhrət” ordeni, “İstiqlal” ordeni ilə təltif olunmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Akademik Nəriman Quliyev 2014-cü ildə Bakıda vəfat etmişdir. |
|