Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olmuşdur. Y.Məmmədəliyev Azərbaycan Ali Pedaqoji İnstitutunun təbiət fakültəsini bitirmiş (1926), daha sonra M.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsində təhsil almışdır (1929-1932). 1932-ci ildə Y.Məmmədəliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Üzvi kimya” kafedrasına müdir təyin edilmiş, 1933-1945-ci illərdə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1938-ci ildə Y.Məmmədəliyevin təbii və süni neft qazlarının kimyəvi emalı sahəsində apardığı sistemli tədqiqatları nəzərə alınaraq Moskva Dövlət Universitetinin Elmi Şurası tərəfindən ona müdafiə etmədən “kimya üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir. O, 1958-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir.
1942-ci ildə “Aromatik karbohidrogenlərin alkilləşməsi və dealkilləşməsi yolu ilə toluolun sintezi” mövzusunda dissertasiya müdafiə etmiş və elmlər doktoru alimlik dərəcəsi almış, 1943-cü ildə “Neft-kimyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. Y.Məmmədəliyev 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR EA-nın ilk kimyaçı-akademiki, Rəyasət Heyətinin üzvü, 1947-ci ildə Azərbaycan SSR EA-nın prezidenti seçilmişdir. Həmin ildə Azərbaycan SSR EA-nın Neft İnstitutunu yaratmış və ona rəhbərlik etmişdir. Alim, eyni zamanda, Bakı Dövlət Universitetində “Neft kimyası” kafedrasını yaratmış və ömrünün axırına kimi ona rəhbərlik etmişdir. Y.Məmmədəliyev Fizika-Texnika Elmləri və Neft Bölməsinin sədri (1950-1954), Bakı Dövlət Universitetinin rektoru olmuş (1954-1958), 1958-ci ildə ikinci dəfə Azərbaycan SSR EA-nın prezidenti seçilmiş və ömrünün axırına qədər həmin vəzifədə çalışmışdır. Y.Məmmədəliyev Azərbaycan neft kimyasının əsasını qoymuşdur. Onun təbii və sənaye neft qazlarının emalı, karbohidrogenlərin katalitik çevrilməsi, hallogenləşməsi, alkilləşmə, dealkilləşmə, aromatik və tsikloparafin karbohidrogenlərinin izomerləşməsi prosesləri sahəsindəki tədqiqatları dünya miqyasında tanınır. Təbii qazdan karbon 4-xlorid, xloroform, metil-xlorid və s. qiymətli məhsulların alınmasının yeni texnoloji xlorlaşma proseslərinin hazırlanması və tətbiqi böyük əhəmiyyət kəsb edən işlərindən hesab olunur. Toluolun sintezi, yüksək oktanlı reaktiv yanacaqların istehsalının yeni üsulu da alimə geniş şöhrət qazandırılmışdır. İlk dəfə olaraq, Naftalan neftinin tərkibində təsiredici maddələri öyrənmiş və təbabətdə tətbiq etmiş, neft polimer qatranlarının və s. alınmasının sənaye texnologiyasını hazırlamışdır. Azərbaycanda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Neft-Kimya Prosesləri Institutu, M.Füzuli adına Əlyazmaları İnstitutu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili onun adı ilə bağlıdır. Y.Məmmədəliyev Azərbaycan Respublikası “Bilik” cəmiyyətinin Rəyasət Heyətinin sədri, respublika Sülhü Müdafiə Komitəsinin Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Soveti yanında Elm və Texnika Komitəsinin üzvü olmuşdur. Y.Məmmədəliyevin elmi tədqiqatlarının nəticələri 936 elmi və publisistik əsərdə, o cümlədən 15 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdir . Y.Məmmədəliyev 12 elmlər doktoru, 29 fəlsəfə doktoru hazırlamışdır. Y.Məmmədəliyev “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenləri, “Qafqazın Müdafiəsi”, “Böyük Vətən Müharibəsində Şərəfli Əməyə görə” medalları ilə təltif edilmişdir. Azərbaycan SSR Əməkdar elm xadimi və SSRİ Dövlət Mükafatı Laureatı adlarına layiq görülmüşdür. Y.H.Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1905-1961)
|