Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

İsmayılov Rüstəm Hacıəli oğlu
İsmayılov Rüstəm Hacıəli oğlu1909-cu il iyulun 1-də Bakı şəhərində anadan ol­muşdur. Azərbaycan Neft İnstitutunu mü­həndis tex­noloq ixtisası üzrə bitir­mişdir (1933).

R.İsmayılov 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1961-ci ildə kimya üzrə elm­lər doktoru elmi dərəcəsini, 1958-ci ildə pro­fessor elmi adını almışdır. 1959-cu ildə AEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Bakı şəhəri İcra Hakimiyyətinin sədri (1950-1952), Bakı şəhəri İcra Haki­miy­yətinin sədr müavini (1952-1954), “AzərNeftzavodları” Birliyinin baş mühən­disi (1954-1959), Azərbaycan SSR XTŞ Neft emalı və Kimya sənayesinin idarə rəisi (1959-1961), Azər­bay­can SSR XTŞ 1-ci sədr müavi­ni (1961-1965), Azərbaycan SSRİ Neft emalı və neft-kimya sənayesi naziri (1965-1967), Azərbaycan SSR EA-nın prezidenti (1967-1970), Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışmışdır (1970-1972).

Respublikanın neft emalı, neft kimyasıvə kimya sənayesinin yaradıl­ması R.İsmayılovun adı ilə bağlıdır.

R.İsmayılov respublika neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərin­dən­dir.Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekons­truksi­yası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aroma­tik­ləş­­məsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının tək­mil­ləş­məsi üzrə mühüm işlər aparılmışdır. Respublikanın neft-kimya sahə­sinin inki­şafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.

İkinciDünya müharibəsi illərində Azərbaycanın neft emalı sənayesi­nin əsas problemlərindən biri cəbhənin ehtiyaclarının ödənilməsi idi. Məhz R.İsmayılo­vun bilavasitə iştirakı ilə neft məhsullarının emalının artırılması üçün bütün işlər görülmüşdür. Onun rəhbərliyi altında müharibədən sonrakı illərdə neft emalı sənayesinin işi daha da təkmilləşmiş, yeni istehsalatlar yaradılmışdır.

R.İsmayılovun həmmüəlliflərlə birlikdə neft emalı sənayesi sahəsində mü­hüm tədqiqat işlərindən biri xüsusi markalı aviabenzin istehsalının artırıl­ması məqsədilə Azərbaycan neftinin emalının effektiv sxeminin tətbiqi olmuşdur. Azərbaycan cəbhəni təmin edən yeganə təchizatçı sayıldığından, bu benzin İkinci Dünya müharibəsi illərində çox qiymətli idi.

R.İsmayılovun müxtəlif karbohidrogen birləşmələrinin alkilləşdiril­mə­si, oli­qo­merləşdirilməsi və polimerləşdirilməsi sahəsindəki işləri böyük ma­raqla qarşılanmışdır.

R.İsmayılov xlorüzvi sintezinin istehsalata tətbiqi texnologiyasının tək­milləşdirilməsi sahəsində böyük rol oynamışdır.

O, 200-dən çox elmi əsərin, o cümlədən 40 müəlliflik şəhadətna­məsi­nin və 7 monoqrafiyanın müəllifidir.

R.İsmayılov dəfələrlə xaricdə respublika elmini ləyaqətlə təmsil et­mişdir.

Elm və texnikanın inkişafında xidmətlərinə görə Sosialist Əməyi Qəh­rəmanı, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı Laureatı adlarına, 4 “Lenin ordeni”, “Şərəf nişanı” ordenlərinə layiq görülmüşdür.

Akademik Rüstəm İsmayılov 1972-ci ildə Bakıda vəfat etmişdir.

(1909-1972)