Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Abasov Midhət Teymur oğlu
M.Abasov 1926-cı il iyulun 31-də Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə «Neft-mədən işi» ixtisası üzrə Azərbaycan Sənaye İnstitu­tunun (indiki Azər­baycan Döv­lət Neft və Sənaye Universiteti) Neft-mədən fakültə­sini bitirmişdir.

M.Abasov 1953-cü ildə texnika üzrə fəlsəfə doktoru, 1962-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1965-ci ildə isə professor elmi adını almış, 1968-ci ildə  Azərbaycan Elmlər Akademiyasının  müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə isə SSRİ Elmlər Akademiya­sının müxbir üzvü seçilmişdir.

M.Abasov 1964-cü ildən 1971-ci ilə qədər AEA-nın Dərin Neft və Qaz Yataq­ları Problemləri  İnstitutunda (DNQYPİ) eimi işlər üzrə direktor müavini, 1971-ci ildən 2003-cü ilə qədər direktor, 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Yer haqqında Elmlər Bölməsi­nin akademik-katibi, 1990-1997-ci illərdə isə AEA-nın vitse-prezi­denti vəzifəsində işləmiş­dir. 1991-1992-ci illərdə Azərbaycan Respub­likası Prezi­dent Şurasının üzvü, Dövlət kati­bi olmuşdur. Bakı Sovetinin iki çağırış deputatı, sonuncu çağırış SSRİ Xalq de­putatı seçilmişdir. O, Beynəlxalq Geoekologiya və Beynəlxalq Təbiət və Cəmiy­yət Elmləri Akademiyasının üzvü, Ümumrusiya Elmi-Tədqiqat Geoloji-Kəşfiy­yat İnstitutunun fəxri dok­toru olmuşdur. 1982-1992-ci illərdə neft və qaz ya­taq­larının işlənilməsi prob­lemləri üzrə SSRİ EA Elmi Şurasına rəhbərlik etmiş­dir. M.Abasov Ame­rika Neftçi-mühəndislər Cəmiyyətinin Azərbaycan böl­məsi­nin ilk prezi­denti olmuşdur.

M.Abasov neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və prak­tikası sahəsində görkəmli alim, həmçinin bu sahədə tanınmış elmi məktəbin banisi və rəhbəri olmuşdur. O, dəfələrlə neft elminin yeni perspektivli istiqamət­lərinin proqnozunu vermişdir. M.Abasovun elmi məktəbində neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası, yeraltı hidrodina­mikası, geoloji-geofi­ziki tədqiqatlar, layın fizikası və kimyası, neftveriminin artırıl­ma­sının yeni üsul­ları, neftqazçıxarmanın yeni texnologiyaları, hesab­lama riyaziy­yatı və proq­ram­laş­dırma, optimallaşdırma, sahə iqtisadiyyatı və s. istiqamət­lərdə yüksək ixtisaslı mütəxəssislərdən ibarət böyük bir qrup for­malaşmışdır. Qaz-konden­sat və qaz-kondensat-neft yataqlarının işlənilməsi­nin nəzəri əsas­larının və üsul­­larının yara­dılması da onun adı ilə bağlıdır. Qaz-kondensat qarışığının sü­zülməsinin binar modeli tənlikləri ilk dəfə onun tərəfin­dən alınmış və belə yataqların işlənilmə­sinin layihələn­dirilməsinin hidrodina­mik üsulları ya­ra­dılmışdır. O, Azərbaycanda bir sıra karbohidrogen yataqları­nın ilk kəşfiyyat­çılarından biri olmuşdur.

M.Abasov 660-dan artıq elmi məqalənin və 23 monoqrafiyanın, 43 mü­əlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Onun rəhbərliyi altında 21 elmlər doktoru və 40 fəlsəfə doktoru hazırlanmışdır.

M.Abasov 1982-ci ildə Azərbaycan Dövlət Mükafatına, 1985-ci ildə isə aka­demik İ.M.Qubkin adına Mükafata layiq görülmüşdür. O, Azər­bay­canın Əmək­dar elm xadimi, «SSRİ-nin fəxri neftçisi», «SSRİ qaz sənayesinin fəxri işçisi» fəxri adlarına layiq görülmüş, «SSRİ İxtiraçısı» döş nişanı, “Qır­mızı Əmək Bayrağı” ordeni və medallarla, Azərbaycan SSR Ali Sove­tinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

Akademik Midhət Abasov 2012-ci ildə Bakıda vəfat etmişdir.

 (1926-2012)