Abdullayev Cahangir Məmməd oğlu 1901-ci il may ayının 1-də Gəncə şəhərində anadan olmuşdur.
Gəncədə klassik gimnaziyada təhsil almış, 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. 1926-1932-ci illərdə Leninqradda (Sankt-Peterburq) diplomdansonrakı təhsilini davam etdirmişdir. C.Abdullayev 1936-cı ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür. C.Abdullayev 1959-cu ildə Azərbаycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. C.Abdullayev Azərbaycan Dövlət Tibb İnstitutunun Hospital terapiyası kafedrasının assistenti kimi (1932) əmək fəaliyyətinə başlamış, həmin kafedranın müdiri (1943-1973) vəzifəsində çalışmışdır. C.Abdullayevin rəhbərliyi ilə Elmi-Tədqiqat Kliniki Eksperimental Təbabət İnstitutunda kardioloji şöbə yaradılmışdır (1961). C.M.Abdullayev kardiologiya sahəsi üzrə beynəlxalq aləmdə tanınmış görkəmli elm xadimlərindən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini diyar patologiyası, hematologiya, ateroskleroz xəstəliklərinin, ürək-damar sistemi patologiyasının etiologiyası, patogenezi, klinikası, profilaktika və müalicəsi, eləcə də neft sənayesi işçilərində peşə xəstəlikləri probleminin, neft karbohidrogenlərinin ürək-damar sisteminə və qanın laxtalanmasına göstərdiyi təsirlərin öyrənilməsi,ürəyin işemik xəstəliyinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası, müasir müalicə və profilaktika üsullarının araşdırılmasını təşkil etmişdir. Alim həmçinin strofantinin damargenişləndirmə təsirini müəyyənləşdirmiş, miokard infarktı xəstəliyinin müalicəsində ondan geniş istifadə etmişdir. C.M.Abdullayev 150-dən artıq elmi işin, o cümlədən 10 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi və həmmüəlifi olmuşdur. Onun rəhbərliyi və məsləhətçiliyi altında böyük əksəriyyəti milli kadrlardan ibarət olan 13 nəfər elmlər doktoru, 47 nəfər elmlər namizədi hazırlanmışdır. Alim bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq qurultay, simpozium və konfranslarda fəal iştirak etmiş, elmi məruzələri dinlənilərək yüksək qiymətləndirmiş, elmi əsərlərinə çox sayda istinadlar olunmuşdur. C.Abdullayevin rəhbərliyi altında respublikamızda ilk dəfə praktik həkimin iş praktikasında elektrokardioqraf tətbiq edilmişdir. C.Abdullayev Beynəlxalq Terapevtlər Assosiasiyasının (1960), Beynəlxalq Kardioloqlar Assosiasiyasının üzvü (1963), Azərbaycan Respublikası Kardioloqlar Cəmiyyətinin sədri olmuşdur, (1966), Azərbaycan Respublikasının Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yaradılması ideyasını vermiş, bu ideyanın həyata keçirilməsinin planlarını hazırlamışdır. C.Abdullayev Əməkdar Elm xadimi fəxri adına layiq görülmüş (1940), “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutuna onun adı verilmişdir. Azərbaycan Tibb Universitetində “Akademik C.Abdullayev” adına təsis edilən təqaüd təhsildə fərqlənən əlaçı tələbələrə təqdim olunmuşdur. C.Abdullayev 4 yanvar 1973-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1901-1973)
|