Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Abramoviç Mixail Vladimiroviç
M.Abramoviç 1884-cü ildə Bakıda mü­həndis-texno­loq ailəsində anadan olmuş­dur.

1910-cu ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdir. 1941-ci ildə ona el­mi tədqiqat işlərinə görə geologiya-minera­lo­giya üzrə elmlər doktoru alimlik dərəcəsi verilmiş, 1955-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

M.Abramoviç 1920-ci ildən 1930-cu ilə qədər “Azneft” Birliyinin Geolo­giya İdarə­sinə rəhbərlik etmişdir. 1932-ci ildən ömrünün axırına qədər Azərbaycan Sənaye İnstitutunda Neft və Qaz yataqlarının axtarışı və kəş­fiyyatı kafed­rasında pro­fessor və kafedra müdiri işləmişdir. 1935-1937-ci illərdə keçmiş SSRİ AZFAN-ın geologiya sektorunun rəhbəri olmuşdur. 1938-ci ildən İ.M.Qubkin adına neft-geologiya laboratoriyasına rəhbərlik etmişdir. Neft hasilatında tək­rar üsulların geoloji tətbiqi layihəsinin, respublikada neft ya­taqlarında ehti­yatların hesablan­ma­­sının hazırlanmasında böyük rol oynamış­dır. O, elmi işlərini müəllimlik fəaliy­yətilə birlikdə aparmış və yüksək ixtisaslı geoloq kadrlar yetişdirmişdir.

M.Abramoviç Azərbaycan geologiya elminin əsasını qoyanlardan biri olmuş­dur. D.V.Qolubyatnikovla birlikdə Abşeron yarımadasının ilk irimiqyaslı xəritə­sinin tərtibində iştirak etmişdir. Neft yataqlarının səmərəli kəşfiyyatı və işlə­nilməsi üçün elmi əsaslar işləyib hazırlamışdır. İlk dəfə neft yataqlarında suyun paylanması üzrə Palmer sistemini tətbiq etmişdir. Respublikada bir sıra ilk neft yataqlarının açılması da onun adı ilə bağlıdır.

M.Abramoviç dünya geologiyası təcrübəsində ilk dəfə olaraq neftli qatların ritmik quruluşunu, neftin xüsusiyyətlərinin dəyişməsi ilə neftli lay­ların yatım şə­raiti arasında əlaqəni müəyyən etmiş, neft mədənləri sularının təsnifatını vermiş, neft yataqlarının əmələ gəlməsində tektonik faktorların rolunu təyin etmiş, neft və qazın proqnoz ehtiyatlarının hesablanması üsu­lunu işləyib hazır­lamış, yod və brom hasil etmək üçün neft sularını xammal kimi təklif etmiş, neft yataqları sularının kimyəvi tərkibinə görə təsnifatını neft mədən­lərində tətbiq etmişdir. O, quyularda açılmış layların qazlılığını müəyyən et­mək üçün qaz karotaj fiziki-kimyəvi üsulunu ilk dəfə olaraq təklif etmiş­dir.

M.Abramoviç 100-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəl­lifidir.

M.Abramoviçin pedaqoji, elmi və elmi-təşkilati fəaliyyəti Azərbaycan döv­ləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar elm xadimi fəxri adını almış, “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif olunmuşdur.

Akademik Mixail Abramoviç 1965-ci ildə Bakıda vəfat etmişdir.

 (1884-1965)