Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Məmmədcəfər Zeynalabdin oğlu Cəfərov 1909-cu il mayın 9-da Naxçıvan şəhərində anadan olmuşdur.
Naxçıvan Pedaqoji Texnikumunu (1928-1932), Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsini (1932-1935) bitirmiş, həmin institutun aspirantı olmuşdur (1935-1938). Filologiya üzrə namizədlik (1947) və doktorluq dissertasiyaları (1961) müdafiə etmiş, 1963-cü ildə professor elmi adını almışdır. AMEA-nın müxbir üzvü (1967) və həqiqi üzvü seçilmişdir (1976). «Maarif işçisi» qəzetinin şöbə müdiri (1932-1935), Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri (1935-1938), Ədəbiyyat fakültəsinin dekanı (1938-1939), Bakı ikiillik Müəllimlər İnstitutunun baş müəllimi (1938-1941), Azərbaycan Dövlət Univeraitetinin Rus ədəbiyyatı kafedrasının dosenti, «Ədəbiyyat qəzeti»nin şöbə müdiri (1941-1943), Quba Müəllimlər İnstitutunun elmi işlər üzrə direktor müavini (1943-1945), «Ədəbiyyat qəzeti»nin redaktoru (1945-1949), ADU-nun Filologiya fakültəsinin dekanı, eyni zamanda AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi (1945-1951), ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri (1951-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri (1959-1979), həmin institutun direktoru (1979-1981), Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi (1981-1987), Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi (1987-1992) vəzifələrində çalışmışdır. M.Cəfərov Azərbaycan və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə və kulturologiya məsələlərinə həsr edilmiş 30-dan artıq kitabın, 750-yə qədər məqalənin müəllifidir. Onun «M.F.Axundovun ədəbi-tənqidi görüşləri» (1950), «Füzuli düşünür» (1959), «Hüseyn Cavid» (1960), «Azərbaycan ədəbiyyatında romantizm» (1963), «Mütəfəkkirin şəxsiyyəti» (1967), «Nizaminin fikir dünyası» (1982) və s. tədqiqatları Azərbaycan mədəni-filoloji fikrinin ən qiymətli örnəkləri sırasındadır. M.Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biridir. Alimin rəhbərliyi ilə onlarla elmlər namizədi və elmlər doktoru tədqiqat aparmışdır. O, ali məktəblər üçün 3 cildlik «XIX əsr rus ədəbiyyatı tarixi»nin müəllifidir (1970-1974). M.Cəfərovun əsərləri keçmiş SSRİ xalqlarının dillərində, «C.Məmmədquluzadə», «M.Ə.Sabir» kitabları ingilis, fransız, ərəb, fars, ispan, türk dillərində nəşr olunmuşdur. Görkəmli tədqiqatçı «Lenin» ordeni, 2 dəfə «Şərəf nişanı» ordeni ilə təltif edilmiş, Respublika Dövlət mükafatı və Əməkdar elm xadimi (1982) fəxri adını almışdır. Akademik Məmmədcəfər Cəfərov 1992-ci il mayın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. |
|
(1909-1992)
|