Derjavin Aleksandr Nikolayeviç1878-ci il dekabrın 5-də Kazan şəhərində müəllim ailəsində anadan olmuşdur. Kazan Universitetinin Fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsini birinci dərəcəli diplomla bitirmişdir (1902). A.N.Derjavinə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya müdafiə etmədən elmi əsərləri əsasında biologiya elmləri doktoru (1938) və professor (1938) elmi adı verilmişdir. O, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1955) seçilmişdir.
Universitet illərindən elmi marağını müəyyənləşdirən A.N.Derjavin su heyvanlarını öyrənməklə məşğul olmuşdur. A.N.Derjavin Kazan Universitetinin Zoologiya kafedrasında (1902-1907) çalışmış, Rusiya Coğrafiya Cəmiyyətinin təşkil etdiyi Kamçatka ekspedisiyasında iştirak etmişdir (1908-1910), topladığı materiallar əsasında dəniz mənşəli relikt faunanın təsvirini vermişdir. Bu tədqiqata görə o, Rusiya Coğrafiya Cəmiyyətinin gümüş medalı ilə təltif olunmuşdur. A.N.Derjavin Həştərxan İxtiologiya laboratoriyasında bioloq kimi işləmişdir (1910-1912). 1912-ci ildə Bakıya dəvət olunmuş və Əkinçilik Departamenti nəzdində İxtiologiya laboratoriyasını təşkil edərək 15 il onun rəhbəri olmuşdur (1927). Xəzər dənizində nərə balıqlarının, Xəzər qızılbalığının biologiyası sahəsində geniş tədqiqatlar aparmışdır. Kür hövzəsində stasionar məntəqələr yaratmış, nərə, uzunburun, qızılbalıq və kütüm kimi qiymətli balıqların süni yolla artırılmasını təşkil etmişdir. Nərə balıqları kürülərinin lil ilə qabaqcadan yumaqla mayalandırma metodunu və Ses-Qrin aparatında mayalanmış kürülərin inkubasiya metodlarını işləyib hazırlamışdır. Beləliklə A.N.Derjavin nərə balıqlarının süni artırılmasının əsasını qoymuşdur. Derjavinin bu illərdə apardığı tədqiqat işləri 1922-ci ildə çapdan çıxmış “Uzunburun” monoqrafiyasında öz əksini tapmışdır. A.N.Derjavin Bakı Universitetinin yaradılmasında və orada Zoologiya kafedrasının təşkilində (1919) yaxından iştirak etmiş və bu kafedranın ilk professoru olmuşdur. İran-Qafqaz balıqartırma şöbəsinin müdiri olmuş (1922–1929) A.N.Derjavin İranın Səfidrud çayında nərələrin artırılmasını təşkil etmiş və Şimali İranın su hövzələrinin balıq faunasını öyrənmişdir. 1930-cu ildə A.N.Derjavin Uzaq Şərq Balıq Sənayesi İnstitutunda Vətəgə onurğasızları kafedrasının professoru işləmişdir. 1932-ci ildə Bakıya qayıtmış və ömrünün axırına kimi burada fəaliyyət göstərmişdir. O, Bakı İxtiologiya laboratoriyasına (1932) və Kür balıqcılıq stansiyasına (1936) rəhbərlik etmiş, eyni zamanda Azərbaycan EA-da Zoologiya sektorunun Su heyvanları şöbəsinin müdiri olmuşdur. A.N.Derjavin 1940-cı ildən etibarən bütün fəaliyyətini AEA Zoologiya İnstitutunun Su heyvanları şöbəsindəki tədqiqatlara yönəltmişdir. Bu dövrdə o, “Xəzərdə qızılbalıq ehtiyatlarının bərpası” (1941), “Nərə balıqları ehtiyatlarının bərpası” (1947), “Kürün balıq təsərrüfatı” (1956) monoqrafiyalarını nəşr etdirmişdir. Bütün bunlarla yanaşı, “Azərbaycanın heyvanlar aləmi” (1951) kitabında A.N.Derjavin Xəzər dənizi və Azərbaycanın şirin sularının faunası haqqında 16 məqalə dərc etdirmişdir. Akademik 200-dən artıq elmi əsərinin əksəriyyətini Bakıda yazmış və çap etdirmişdir. A.N.Derjavinin rəhbərliyi altında 10-dan çox elmlər doktoru və fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Səmərəli elmi fəaliyyətinə görə alim Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1954), “Qirmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir sıra medallarla təltif olunmuşdur. Akademik Aleksandr Derjavin 1963-cü il sentyabr ayının 17-də vəfat etmişdir. |
|
(1878–1963)
|