Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Əhmədov Həsən Əbdüləli oğlu
H.Əhmədov 1906-cı ildə Ermənistanın Sisyan rayo­nunun Aqudi kəndində anadan olmuşdur. 1933-cü ildə mühəndis-geoloq ixti­sası üzrə Azərbaycan Səna­ye İnstitutunun (indiki Azər­baycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.

H.Əhmədov 1947-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1956-cı ildə elmlər dok­toru elmi dərə­cələrini almış, 1964-cü ildə Azərbaycan Elm­lər Akademiyasının (AEA) müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmişdir.

H.Əhmədov institutu bitirdikdən sonra “Azneft” Birliyində çöl partiyasının geoloqu vəzifəsində işləmişdir. 1942-ci ildə “Azneft­kəşfiyyat” trestinin geoloji-kəşfiyyat kontorunun direktoru təyin olunmuş və burada struktur-xəritələmə, qazmanın analizi və nəti­cələrinin ümu­miləşdirilməsi ilə məşğul olmuşdur.

H.Əhmədov 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İdarəsinin elmi işlər üzrə direktor müavini, 1951-ci ildə isə onun direktoru, 1955-ci ildə neftçıxarma üzrə Azərbaycan Elmi Təd­qiqat İnstitu­tunun (in­diki “Neftqazelmitədqiqatlayihə”) geologiya üzrə direktor müavini təyin edilmiş­dir. H.Əhmədov Qobustan-Şamaxı neftli-qazlı rayonunun öyrə­nilmə­sinə bö­yük diq­qət yetirmiş və onun tədqiqatlarının nəticələri “Qobus­tanın geo­lo­giyası və neft-qazlılığı” mono­qra­fiyasında öz əksini tapmışdır.

H.Əhmədov 1965-ci ildə yeni təşkil olunmuş Ümumittifaq Elmi-Təd­qi­qat Geo­fizika İnstitutunun Azərbay­can filia­lının ilk direktoru təyin edilmişdir. O, məşhur alim-geoloq olmaqla yanaşı, geologiya və geofizika sahəsində də elmi tədqiqat­ların təşkilatçısı, Azərbaycanda iri neft, qaz-kondensat yataqlarının (Qaradağ, Kənizdağ, Du­vannı və b.) açılmasının və mənimsənilməsinin bila­vasitə iştirakçısı olmuş­dur. Onun iştirakı ilə Kürov­dağ, Mişovdağ, Neft Daşları, Qum-dəniz, Um­bakı və b. yataqların sənaye işlənməsi layihələri hazırlanmış­dır. Onun lito­logiya, pet­roqrafiya, Pliosen-Miosen və Təbaşir çöküntülərinin kollektor­luq xassələrinin öyrə­nil­məsi sahələrində fundamental əsər­ləri böyük şöhrət qazan­mışdır.

H.Əh­mədovun tədqiqatlarında respub­likanın, xüsusilə də Qobustan ərazi­sinin neft-qaz yataq­larının geoloji quruluşunun və perspektivli sahə­lə­rinin təd­qiqi xüsusi əhəmiyyət kəsb edirdi. O, Azərbaycanın Mezozoy çö­küntülə­rinin öyrənilməsinin və kəşfiy­yatının ilk təşkilatçılarından biri ol­muşdur. O, “Azər­bay­canın Mezozoy çökün­tüləri və onların neft-qazlılıq perspek­tivliyi” mono­qrafiyasına görə İ.M.Qubkin adına mükafata layiq görülmüşdür. Alim 160 elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəl­lifi­dir. Onun elmi rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazır­lanmışdır. H.Əhmədov Azər­baycan Neft və Qaz Sənayesi­nin elmi-texniki Cəmiy­yətinin sədri ol­muş­ və iki dəfə “Şöhrət ordeni” ilə təltif edilmişdir.

Akademik Həsən Əhmədov 1981-ci ildə Bakıda vəfat etmişdir.

(1906-1981)