Əliyev Vahab Səfər oğlu 1908-ci il iyunun 20-də Bakının Saray kəndində anadan olmuşdur. Bakı şəhərində Fəhlə fakültəsini (1929) və Moskva Neft İnstitutunu kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir (1934).
V.Əliyev 1950-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1961-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1962-ci ildə professor elmi adını almışdır. 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. V.Əliyev “Azneftkombinat” nəzdində “Azneftlayihə”nin layihəçi-mühəndisi (1934-1935), Neft kəmərləri kontorunda (1937) və BKZ-də texniki şöbələrin rəisi (1938-1940), AZQAZ trestinin istehsalat-texniki şöbəsinin böyük mühəndisi (1941), həmin trestin 3№-li, sonra isə 4№-li zavodlarının və BKZ-nın baş mühəndisi olmuşdur (1942). V.Əliyev Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunun direktoru (1951-1959), Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini (1959-1962), direktoru (1962-1987) və direktorun məsləhətçisi (1987-1993) vəzifələrində çalışmış, Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü olmuşdur (1981-1990). V.Əliyevin respublika neft sənayesinin inkişafında əvəzedilməz xidməti olmuşdur. O, sənayedə tətbiq olunan bir çox orijinal proseslərin müəllifidir. Onun rəhbərliyi altında Azərbaycan alimləri dünyada ilk dəfə olaraq katalizatorun qaynar lay texnikasının nəzəri əsaslarını işləyib hazırlamış, neft emalı sənayesi üçün böyük əhəmiyyət kəsb edən bir sıra texnoloji proseslər və təkmilləşmələri tətbiq etmişlər. Yalnız Azərbaycanda deyil, yaxın və uzaq xarici ölkələrdə də tətbiq edilən orijinal texnoloji proseslər katalizatorun qaynar layında katalitik krekinq, qaynar layda butanın butilenə dehidrogenləşməsi, neftin emala hazırlanması, karbamid məhlulunda yağ və yanacağın deparafinləşməsi prosesləri onun rəhbərliyi altında işlənib hazırlanmışdır. V.Əliyevin elmi tədqiqatlarının nəticələri 755 elmi əsərdə, o cümlədən 5 monoqrafiya, 350 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. O, 7 elmlər doktoru, 30 fəlsəfə doktoru hazırlamışdır. İki pilləli katalitik krekinq, alunitin emalı və etilen oksidinin alınması proseslərinə ABŞ-da, İtaliyada və Bolqarıstanda lisenziyalar verilmişdir. V.Əliyev D.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin mərkəzi idarə heyətinin və Azərbaycan SSR “Bilik” cəmiyyətinin Rəyasət Heyətinin üzvü, SSRİ EA-nın və Azərbaycan SSR EA-nın bir sıra elmi-texniki şuralarının, elm və texnika üzrə SSRİ Dövlət Komitəsinin, Dövlət plan komitəsinin, SSRİ və Azərbaycan SSR-in bir neçə ictimai təşkilatlarının üzvü olmuşdur. V.Əliyev Azərbaycanın Əməkdar elm və texnika xadimi, “Fəxri neft kimyaçısı” adlarına, SSRİ və Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. O, 5 orden, 9 medal və bir sıra fəxri fərmanlarla təltif olunmuşdur. Akademik Vahab Əliyev 1993-cü ildə Bakıda vəfat etmişdir. |
|
(1908-1993)
|