Əli-zadə Mirzə-ağa 15 mart 1910-cu ildə Bakı şəhəri, Əmircan qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra təsərrüfatın müxtəlif sahələrində çalışmışdır. Moskvada aspirant olmuş (1936-1939) və bitki fiziologiyası sahəsində görkəmli alim D.A.Sabininin rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. Aspirantura illərində paxlalı bitkilərdə molekulyar azotun bioloji fiksasiyası sahəsində elmi işlər aparmış və alınan nəticələr əsasında namizədlik dissertasiyası müdafiə etmişdir (1940). Azərbaycan Elmi Tədqiqat Pambıqçıliq İnstitutunda öncə baş elmi işçi, daha sonra direktor müavini vəzifələrində çalışmışdır (1943-1944). Azərbaycan Elmi Tədqiqat Çoxiillik Bitkilər İnstitutu və Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutlarında laboratoriya müdiri olmuşdur (1944-1961). 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda Bitki fiziologiyası laboratoriyasının rəhbəri vəzifəsində çalışmışdır.
M.Əlizadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1968) və həqiqi üzvü (1980) seçilmişdir. M.Əlizadənin elmi fəaliyyətinin böyük bir hissəsi su rejimi ilə əlaqədar çay kollarının böyümə və budaqlanmasının tədqiqinə həsr olunmuşdur. Alim müəyyən etmişdir ki, çay bitkisində fəal böyümə və böyümənin dayanması boy nöqtəsində nuklein mübadiləsindən, xüsusilə də RNT-nin miqdarından asılıdır. Belə ki, yatmış tumurcuqlarda RNT-nin miqdarı ilə intensiv böyümə arasında birbaşa əlaqənin olduğu aşkar edilmişdir. Bu kimi nəzəri nəticələrə əsaslanan müəllif, çay kollarında il boyu daha çox böyümə və budaqlanmanı təmin edən praktik tədbirlər planı işləyib hazırlamışdır. “Azərbaycanın subtropik səraitində su rejimi ilə əlaqədar çay kollarının böyümə xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək, bitki fiziologiyası sahəsində biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır (1959). M.Əlizadənin elmi fəaliyyətinin ən məhsuldar dövrü Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda işlədiyi illərə təsadüf edir. Bu illərdə o, özünün gənc tələbələri və əməkdaşları ilə birlikdə nuklein turşularının tədqiqi sahəsində geniş işlər aparmış və elm aləminin diqqətini cəlb edən bir çox nəticələr əldə etmişdir. M.Əlizadənin rəhbərlik etdiyi laboratoriyada ilk dəfə olaraq tut bitkisi somatik hüceyrələrində ploidliliklə DNT miqdarı arasındakı korelyasiyanın tetraploid səviyyəsinə qədər uyğun gəldiyi, daha sonra yüksək ploidli tut formalarında isə korelyasiyanın olmadığı aşkar edilmişdir. M.Əlizadə və əməkdaşları ilk dəfə olaraq heterozis hadisəsinin molekulyar-genetik əsaslarını izah edən maraqlı nəticələr əldə etmişlər. M.Əlizadə 4 monoqrafiya, 200-dən çox elmi məqalə və bir neçə ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 15 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmışdır. 2 dəfə "Şərəf nişanı" ordeni və 3 medalla təltif olunmuşdur. Akademik Mirzəağa Əlizadə 5 may 1981-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1910- 1981) |