Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Hüseynov Cəbrayıl Muxtar oğlu
Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində anadan ol­muşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitu­tu­nun Aqronomluq fakültəsini bitir­mişdir (1934).

C.Hüseynov  aqrar elmlər namizədi (1939) və  aqrar elmlər doktoru (1947) elmi dərə­cəsini, professor (1948) elmi adını almışdır. AMEA-nın müxbir üzvü (1949) və hə­qiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnsti­tutunda assis­tent və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1934-1936). Ümum­ittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunda aspi­rant olmuşdur (1936-1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944-1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1952-1969). 1963-cü ildə yenidən İnstitutun direktoru vəzifəsinə seçilmiş və ömrünün axırına kimi (1974) bu vəzifədə çalışmışdır.

Respublikada mineral və üzvi gübrələrin, o cümlədən, fosfor gübrəsinin istehsalı sahəsində alimin mühüm tədqiqatları olmuşdur. Onun təklifi ilə Sumqayıt şəhərində neft sənayesinin tullantısı olan işlənmiş sulfat turşusundan superfosfat istehsal edən zavod tikilmişdir. C.Hüseynov ilk dəfə neft sənayesinin tullantısı olan turş qudrondan superfosfat istehsal edilməsinin nəzəri əsaslarını vermiş, onun bilavasitə istehsalatda tətbiq edilməsinə nail olmuşdur. 1958-1963-cü illərdə akademik C.Hüseynov tərəfin­dən neft emalı sənayesi tullantılarından alınan neft-boy maddəsi (NBM) nəinki Res­pub­likamızda, həm də dünya miqyasında geniş marağa səbəb olmuşdur. Böyük təsər­rüfat əhəmiyyəti nəzərə alınaraq NBM o illərdə respublikamızın əkinçilik zona­larında müxtəlif kənd təsərrüfatı bitkiləri əkinində (127 min hektar) fəal üzvi təsir­edici maddə kimi istifadə edilmişdir. Son tədqiqatları əsasən neft sənaye tullan­tılarından alınmış yeni üzvi-mineral güb­rələrin, eləcə də respublikada böyük ehtiyatı olan bitumlu süxurun və yanar şistin kənd təsərrüfatında geniş tətbiqinə həsr edilmişdir.

C.Hüseynov 200 elmi əsərin, o cümlədən, 6 monoqrafiya və 12 müəlliflik şəha­dətnaməsinin  müəllifidir. Onun rəhbərliyi altında 50-dən artıq fəlsəfə doktoru, 4 elm­lər doktoru  elm aləminə vəsiqə almışdır. 

C.Hüseynov SSRİ Dövlət Mükafatı almış (1950), 2 dəfə «Şərəf nişanı» ordeni (1943, 1951), 5 müxtəlif medalla təltif edilmişdir.

Akademik Cəbrayıl Hüseynov 1974-cü ildə Bakıda vəfat etmişdir.

(1913-1974)