İmanov Lətif Muxtar oğlu 1922-ci il sentyabrın 15-də Şuşa şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1954-cü ildə fizika üzrə fəlsəfə doktoru, 1964-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1966-cı ildə isə professor elmi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda başlayaraq elmi işçi, böyük elmi işçi (1944-1954), laboratoriya rəhbəri (1954-1980) vəzifələrində işləmişdir. Lətif İmanov radiospektroskopiya üzrə tanınmış alimdir. Elmi fəaliyyətinin əsas istiqamətləri olan molekulyar qaz radiospektroskopiyası, dielektrik relaksasiya, elektron-paramaqnit rezonans və nüvə maqnit rezonans spektroskopiyası sahələri üzrə əsaslı elmi nəticələr əldə etmişdir. L.İmanovun rəhbərliyi ilə mürəkkəb qaz readiospektrometr qurğuları yaradılmış, müxtəlif molekulların və onların izotop formalarının mikrodalğa spektrləri öyrənilmiş, spirt və merkaptan molekullarının yeni dönmə izomerləri aşkar edilmişdir. Alim yaratdığı ölçü qurğuları vasitəsilə üzvi maye və bərk maddələrin tədqiqi sahəsində uğurlar qazanmış, şüşələrin elektron-paramaqnit rezonans spektrini və elektrik xassələrini öyrənmişdir. Xarici və respublika jurnallarında dərc edilmiş 150-dən çox məqalənin müəllifidir (onlardan 10-u müəliflik şəhadətnaməsidir). Rəhbərliyi ilə 1 elmlər doktoru və 10 fəlsəfə doktoru yetişdirilmişdir. L.İmanov keçmiş SSRİ EA Spektroskopiya Elmi Şurasının üzvü, Radiospektroskopiya problemi üzrə Respublika Elmi Şurasının sədri olmuşdur. Əməkdar elm xadimi fəxri adına layıq görülmüşdür (1979). Akademik Lətif İmanov 1980-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1922-1980)
|