Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Tofiq Qasım oğlu Köçərli 11 fevral 1929-cu ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1950-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1955-ci ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktoru, 1966-cı ildə professor adını almışdır. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. T.Köçərli əmək fəaliyyətinə 1950-ci ildən başlamışdır. O, Quba Müəllimlər İnstitutunda müəllim, 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində İxtisasartırma İnstitutunun müdavimi, 1952-ci ildən Ağdam Müəllimlər İnstitutunda Marksizm və Leninizmin əsasları kafedrasının müdiri, 1953-1956-cı illərdə isə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda baş müəllim vəzifəsində çalışmışdır. 1957-1965-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965-1972-ci illərdə isə Bakı Ali Partiya Məktəbində Sov. İKP tarixi kafedrasının müdiri vəzifəsində işləmişdir. T.Köçərli 1972-1990-cı illərdə Bakı Ali Partiya Məktəbinin rektoru vəzifəsində işləmişdir. 1991-2002-ci illərdə EA-nın İctimai-siyasi Tədqiqatlar İnstitutunda, 2002-ci ildən ömrünün sonunadək Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. T.Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinə həsr edilmiş onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. T.Köçərli tərəfindən 1990-2007-ci illərdə yazılmış 7 monoqrafiya, çoxsaylı məqalə və çıxışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə, erməni ekstremistlərinin xalqımıza qarşı törətdikləri cinayətlərin ifşa edilməsinə həsr edilmişdir. Onun “Qarabağ”, “Naxçıvan: tarixi həqiqətlər və uydurmalar”, BMT-nin Baş Katibi Kofi Annana ünvanlanmış Məktub (“Erməni saxtakarlığı”), “К истории Карабахского вопроса” və s. əsərləri Qarabağın və Naxçıvanın qədim və çağdaş tarixinə dair qiymətli sənədlər, dəqiq məlumatlarla zəngindir. T.Köçərli bir sıra orden və medallarla, o cümlədən Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 2006-сı ildə “Ambassador for Peace” (Sülh Səfiri) Beynəlxalq Sülh Federasiyasının mükafatını almışdır. T.Köçərli ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, üç çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, o cümlədən, Azərbaycan Respublikası Milli Şurasının üzvü olmuşdur. T.Köçərli dəfələrlə Azərbaycan elmini və siyasətini xarici ölkələrdə ləyaqətlə təmsil etmişdir. T.Köçərlinin rəhbərliyi ilə bir çox elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. AMEA-nın həqiqi üzvü Tofiq Köçərli 2007-ci il oktyabrın 30-da Bakıda vəfat etmişdir. |
|
(1929-2007) |