Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Feyzulla Səməd oğlu Qasımzadə 1898-ci il fevralın 22-də Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur.
Azərbaycan Pedaqoji İnstitutunda təhsil almış (1923-1925), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş (1926-1929), Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur (1929-1931). Filologiya üzrə namizədlik (1939), doktorluq (1955) dissertasiyaları müdafiə etmiş, professor (1957) elmi adını almışdır. F.Qasımzadə 1962-ci ildə AMEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilmişdir. Əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamış, Bakı Pedaqoji Texnikumunda (1928-1929), APİ-də (1929-1931) müəllim, Xalq Maarif Komissarlığında metodist-təlimatçı (1931-1938) vəzifələrində çalışmışdır. SSRİ EA Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, Azərbaycan Dövlət Universitetində kafedra müdiri, Azərbaycan Pedaqoji İnstitutunda Ədəbiyyat kafedrasının müdiri (1959) vəzifələrində çalışmışdır. F.Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır. Alim bütün ömrü boyu həmin dövrün ədəbiyyatının həm tarixi, həm də nəzəri məsələləri ilə məşğul olaraq sonrakı ədəbiyyatşünaslar üçün məktəb və örnək rolu oynayan fundamental əsərlər yazmışdır. F.Qasımzadənin elmi tədqiqat üsulunu və prinsiplərini müəyyən edən əsas cəhət onun həmişə ilk mənbələrə – təzkirə və əlyazmalarına, arxiv sənədlərinə və dövrü mətbuat materiallarına istinad etməsi və ədəbiyyat tarixini, onun ayrı-ayrı nümayəndələri haqqında monoqrafik tədqiqatları özünün tapıb üzə çıxardığı faktlar əsasında yaratmasıdır. Alim özünün müəyyən etdiyi prinsiplər əsasında həm Azərbaycanda yeni ictimai-siyasi sistemin məhsulu kimi formalaşan bir dövrün - bütöv bir yüzilliyin ədəbiyyatının ümumi inkişaf istiqamətini və mərhələlərini əks etdirən «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı fundamental tədqiqat (1956, 1962, 1974), həm də bu yüzillikdə yaşayıb-yaratmış böyük sənətkarlar haqqında monoqrafiyalar yazmışdır. F.Qasımzadənin Azərbaycan ədəbiyyatının böyük klassiklərindən M.F.Axundzadə (1938), A.Bakıxanov (1956) və N.Vəzirov (1954) haqqındakı monoqrafiyaları ədəbiyyatşünaslığımızı zənginləşdirən əsərlərdəndir. Alimin «Xalq aşıq poeziyası» (1950), «Tənqidi realizm» (1952), «Vaqifin ədəbi məktəbi» (1954) və s. kitabları da ədəbiyyatımızın mühüm tarixi və nəzəri məsələlərinin araşdırılmasına həsr edilmişdir. O, üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin (1957-1960) 2-ci cildinin əsas müəlliflərindən biridir. F.Qasımzadə iki dəfə «Qırmızı Əmək Bayrağı» ordeni (1953, 1967) və medallarla təltif edilmiş, Əməkdar müəllim (1943), Əməkdar elm xadimi (1958) fəxri adlarını almışdır. Akademik Feyzulla Qasımzadə 1976-cı il martın 29-da Bakıda vəfat etmiş, Mərdəkanda dəfn edilmişdir. |
|
(1898-1976)
|