Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Qaşqay Mirəli Seyidəli oğlu
M.Qaşqay 1907-ci ildə Gəncə şəhə­rin­də anadan olmuşdur. 1930-cu ildə Azər­bay­­can Politex­nik İnstitutunun (indiki Azərbay­can Dövlət Neft və Sənaye Univer­siteti) Dağ-mədən fakültəsini dağ-mədən mühəndisi-geoloq ixtisası üzrə bitirmiş­dir. 1930-cu ildə SSRİ Elmlər Akademi­ya­sının Petroqrafiya İnstitu­tunun aspirantu­ra­­sı­na daxil olmuş­dur. 1934-cü ildə “İstisu mi­ne­ral mənbələri rayonunun geoloji-petroqra­fik oçerki və onların geo­kimyəvi xarakte­ris­ti­ka­sı” mövzusunda dis­serta­siya müdafiə etmişdir. Kiçik Qaf­qazın mərkəzi hissəsinin, Talışın hiperbazitləri və bazitlərinin təd­qiqinin nəticə­lərini “Azərbay­canın əsasi və ultraəsasi süxurları” adlı sanballı mono­q­rafi­yasında yekunlaşdırmışdır. Bu əsərə görə ona 1942-ci ildə geo­logiya-mine­ralogiya üzrə elmlər doktoru alimlik dərəcəsi verilmişdir.

M.Qaşqay Azərbaycan Elm­lər Akademiyasının (AEA) Geologiya İnstitutunu ilk təşkil edənlərdən, 1945-ci ildə isə Azərbaycan Elmlər Aka­demi­yasının təsisçilərin­dən biri və onun ilk akademik-katibi olmuşdur.

M.Qaşqay 1947-1950-ci illərdə AEA Yer haqqında Elmlər Bölməsi­nin sədri və AEA Geologiya İnstitutunun Geokimya şöbəsinin müdiri vəzi­fəsində çalışmışdır.

M.Qaşqay ilk dəfə olaraq geoloji ədəbiyyatda alunit, kaolinit və dikkit yataq­larının təsnifatını vermiş, Kiçik Qafqazın mis və kükürd kolçedan yataq­larının intruzivlərlə əlaqəsini əsaslandırmış, kolçedan yataqlarının ümu­mi­ləşdirilmiş təsnifatını vermiş və dəmir filizi yataqlarının genetik növlərini ayırmışdır. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarını, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdən­dir. Geokimyəvi tədqiqat­larının nəticələri ona "Azərbaycanın geokimyəvi xəritəsi"ni tərtib etməyə əsas vermişdir.

M.Qaşqay mineroloqların və geokimyaçıların Azərbaycan məktəbinin yaradı­cısı, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqi­qatçısı olmuşdur. O, respublikada 220-yə yaxın mineral və termal mənbələrin oldu­ğunu müəyyən etmişdir. Bir neçə illər ərzində AEA Geologiya İnstitutunda Filiz ya­taq­larının mineralogiyası, petroqrafiyası və geokimyası şöbəsinə rəhbərlik etmiş­dir. Onun rəhbərliyi ilə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Uni­versiteti) Geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristal­loqrafiya kafedraları, geolo­giya və faydalı qazıntılar muzeyi təşkil edilmişdir. Alim 10 elmlər doktoru və 50 fəlsəfə doktoru hazırlamışdır.

M.Qaşqay Leninqrad (indiki Sankt-Peterburq) (1946), Moskva (1955), Lvov (1955) mineralogiya və geologiya cəmiyyətlərinin üzvü, Böyük Brit­aniya və İrlandiya (1958), ABŞ (1959) mineralogiya cəmiyyətlərinin həqiqi üzvü, Ümumittifaq Mineralogiya Cə­miyyətinin fəxri üzvü (1971) seçilmiş­dir. İran (1945), Meksika (1956), İngiltərə (1957), İsveçrə (1958, 1960), Danimarka, Norveç (1960), Çexoslavakiya (1968), Türkiyə (1968), ABŞ (1969) və b. ölkələrdə beynəlxalq geoloji konqreslərdə və simpoziumlarda çıxış etmişdir.

M.Qaşqay böyük elmi irs qoymuşdur. Onun 600-dən çox elmi əsəri və 35 mono­qrafiyası çap olunmuşdur. Metal­logeniya, petrologiya, mineralo­giya, maqmatik və metamorfik süxurların geokimiyasına, mineral və termal sulara aid onlarca xəritə­nin müəllifi olmuşdur.

M.Qaşqay Əməkdar elm xadimi adına layiq görülmüşdür. O, “Ok­tyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və “Qaf­qazın müdafiəsinə görə” (1944), “1941-1945-ci illər Böyük Vətən müha­ribəsində rəşadətli əməyə görə” (1946) medalları ilə təltif olunmuşdur.

Akademik Mirəli Qaşqay 1977-ci ildə Bakıda vəfat etmişdir.

 (1907-1977)