Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Qrossheym Aleksandr Alfonsoviç
Qrossheym Aleksandr Alfonsoviç 1888-ci il martın 6-da Yekaterinoslavski quber­niya­sının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Təbiət fakültəsinin biologiya bölməsini bitirmişdir (1912).

A.A.Qrossheym 1935-ci ildə SSRİ Elm­lər Akademiyasında biologiya elmləri doktoru elmi dərəcəsini çap olunmuş elmi əsərlərinin əsasında, dissertasiya müdafiə etmədən almış­dır, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1939), Аzərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), SSRİ EA-nın həqiqi üzvü (1946) seçilmişdir.

A.A.Qrossheym 1913-1926-cı illərdə Tiflis Botanika bağında botanik-florist kimi çalışmışdır. 1917-ci ildə Tiflis Politexnik İnstitunun Botanika kafed­rasında assistent və dosent vəzifələrində işləmişdir. Qafqaz florası və bitki örtü­yünün tədqiqinə böyük töhfə vermiş görkəmli botanik, akademik A.A.Qros­sheym 1927-ci ildə Bakıya dəvət edilmiş və elmi-pedaqoji fəa­liyyətə başlamışdır. Azərbaycan Universitetnin dosenti (1927-1929), profes­soru (1929), Azər­baycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri (1930-1934), Azərbaycan Dövlət Uni­versitetinin Ali bitkilərin sistematikası və morfologiyası kafedrasının müdiri (1934-1947) olmuşdur. 1936-cı ildə Bakıda Botanika Bağının, 1936-1947-ci illər­də Botanika İnstitutunun direk­toru olmuşdur. O, 1946-1948-ci illərdə SSRİ EA V.L.Komarov adına Bota­nika İsti­tutunun Qafqaz herbarisi sektoruna, 1947-1948-ci illərdə Leninqrad Dövlət Universitetinin Bitki sistematikası və morfolo­giyası kafedrasına rəhbərlik etmişdir.

A.A.Qrossheym Qafqazın, o cümlədən Azərbaycanın bitki ehtiyatları, bitki­çi­liyi və florası üzrə geniş tədqiqat işləri aparmışdır. Onun təşəbbüsü ilə Res­publikada qoruqlar, xüsusilə də Lənkəran və Muğan qoruqları, həmçinin Her­bari fondu yaradılmış və herbari kolleksiyasının saxlanma metodikası və struk­turu işlənib hazırlanmışdır. O, Qafqazda elmə məlum olmayan 200-dən çox yeni bitki növünü təsvir etmişdir.

A.A.Qrossheym çoxsaylı monoqrafiya və kitabların, həmçinin 200-dən çox elmi əsərin müəllifidir. Akademikin elmə verdiyi ən böyük töhfə 8 cildli “Флора Кавказа” (1928-1967), SSRİ-də ilk dəfə olaraq respublika­nın öz ana dilində ya­zılmış “Azərbaycan Florası”, “Анализ флоры Кавказа” (1936); “Раститель­ные ресурсы Кавказа” (1946), “Определитель расте­ний Кавказа” (1949), “Расти­тель­ные богатства Кавказа” (1952), “Расти­тельный покров Кав­ка­за” (1948) və s. kitablarıdır.

A.A.Qrossheym botaniki-coğrafi işlərinə görə Rusiya Coğrafiya Cə­miy­yəti­nin qızıl medalı ilə (1932), “Qırmızı Əmək Bayrağı” ordeni, "Qaf­qazın müda­fiəsi", “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşa­dətli əməyə görə” medalları ilə təltif edilmişdir. SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına mükafatına, SSRİ-nin Stalin mükafatına layiq görül­müşdür (1948). 1934-1938-ci illərdə Bakı Sovetinin deputatı olmuşdur.

Akademik Aleksandr Qrossheym 4 dekabr 1948-ci ildə Leninqrad şəhərində vəfat etmişdir.

(1888-1948)