Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Mehdiyev Soltan Cəfər oğlu
Mehdiyev Soltan Cəfər oğlu 1914-cü il dekabrın 2-də İsmayıllı rayonunun Lahıc qəsə­bəsində anadan olmuşdur. Azərbaycan Dövlət Uni­versitetinin Kimya fakültə­sini bitirmişdir (1939).

S.Mehdiyev kimya üzrə fəlsəfə dok­toru (1943), elmlər doktoru (1955) elmi də­rəcəsi, profes­sor (1956) elmi adını almışdır. Azərbaycan SSR EA-nın müxbir üzvü (1958), həqiqi üzvü (1968) seçilmişdir.

S.Mehdiyev SSRİ Elmlər Akademi­ya­sının Azərbaycan Filialı Kimya İnstitutu­nun Neft kimyası şöbəsində laborant (1936-1939), Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunun (AzETNEİ) aspirantı, kiçik elmi işçi (1939-1944), EA Kimya İnstitutunda baş elmi işçi (1943-1945), Azərbaycan SSR EA Neft İnsti­tutunun laboratoriya rəhbəri (1946-1956), Azərbaycan Neft və Kimya İnstitu­tunun Neft kimyası və texnologiyası kafedrasının dosenti vəzifələrində çalış­mış­dır (1954-1955).

S.Mehdiyev AEA Neft İnsitutunun direktoru (1956-1958), AEA Neft-Kimya Pro­sesləri İnstitutunun Monomerlər kimyası laboratoriyasının rəh­bəri (1959-1985), həmin institutun direktor müavini (1962-1965), AEA Kimya Elmləri Bölməsinin akademik-katibi (1967-1973) vəzifələrini icra etmiş, Azərbaycan Dövlət Universi­tetinin Neft kimyası kafedrasının do­senti, professoru (1956-1960), Azərbaycan Neft və Kimya İnstitutunun Neft-kim­ya sintezi kafedrasının müdiri (1960-1967) və Monomerlər və polimerlər kimyası problem laboratoriyasının təşkilatçısı və rəhbəri olmuşdur.

S.Mehdiyevin elmi istiqaməti alitsiklik karbohidrogenlərin və onların törə­mələrinin sintezi və çevrilməsi – izomerləşmə, halogenləşmə, alkilləş­mə, nitrol­laşma, oksidləşdirici ammonoliz, tsiklik və aromatik karbohid­ro­genlərin maye fazada oksidləşməsi, beş- və altıüzvlü doymuş alitsiklik karbohidrogen­lərin müvafiq tsikloolefinlərə dehidrogenləşməsi reaksiyaları­nın tədqiqi olmuşdur. Nəticədə molekulunda müxtəlif funksional qruplara malik çoxlu miqdarda yeni və məlum monomerlər, həmçinin digər qiymətli üzvi maddələrin orijinal alın­ma üsulları yaradılmışdır. S.Mehdiyev bir sıra qiymətli sənaye məh­sullarının - yanacaq komponentlərinin, partlayıcı və yanğınsöndürən mad­də­lərin, polimer maddə­lərin istehsalında istifadə edilən monomerlərin, boyaq və ətirli maddə­lərin alınmasında istifadə edilən birləşmələrin alınma proseslərini işləyib ha­zır­­lamış və tətbiqi sahəsində mühüm işlər görülmüşdür.

S.Mehdiyevin elmi tədqiqatlarının nəticələri 570 elmi əsərdə, o cüm­lədən      8 monoqrafiya, 82 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Əsərlərinin çox hissəsi xaricdə çap olunmuşdur.

S.Mehdiyevin elmi rəhbərliyi altında 9 elmlər doktoru və 70-dən çox fəlsəfə doktoru yetişdirilmişdir.

S.Mehdiyev SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə, “Fədakar əməyə görə” medalı (2 dəfə), “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Soltan Mehdiyev 1985-ci ildə Bakıda vəfat etmişdir.

 (1914-1985)