Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Musayev Musa Əbdürrəhman oğlu
Musa Əbdürrəhman oğlu Musayev 1921-ci il 27 dekabrda Gəncə şəhərində ana­dan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnsti­tutunun Baytarlıq fakültə­sin­də təhsil almışdır (1940-1945).

Moskva Baytarlıq Akademiyasının as­pi­rantı olmuş (1946-1948), akade­mik S.N.Vişe­lesskinin rəhbərliyi ilə hey­van­ların leptospiro­zunu tədqiq etmişdir. Aspi­ranturada təhsil alarkən Ümum­ittifaq Dövlət təqaüdünə layiq görülmüşdür. Bay­tarlıq elmləri namizədi alim­lik dərəcəsi almaq üçün “Heyvanların leptospirozu­nun seroloji diaqnosti­kası” möv­zusunda dissertasiya işini müdafiə etmiş (1948) və burada bir ilə qədər assistent işləmişdir. Baytarlıq elmləri doktoru alimlik dərəcəsi almışdır (1956).

Biologiya ixtisası üzrə Azərbaycan SSR EA-nın müxbir üzvü seçil­mişdir (1959). Protistologiya və mikrobiologiya ixtisasları üzrə profes­sor adını almış (1960), Azərbaycan SSR EA-nın akademiki seçilmişdir (1967).

Azərbaycan SSR EA Rəyasət Heyətinin dəvəti ilə Bakıya gəlmiş (1949) və Azərbaycan SSR EA Zoologiya institutunda böyük elmi işçi vəzifəsində çalışma­ğa başlamışdır. Azərbaycan EA Zoologiya İnstitutunun Protistologiya laborato­ri­ya­sının (1957-1985), Protozoologiya şöbəsinin müdiri (1985-2010), Zoolo­giya İnstitutunun direktoru (1960-2010), AMEA Biologiya Elmləri Bölməsinin akademik-katibi vəzifələrində işləmişdir (1997-2007).

Akademik M.Ə.Musayev zəmanəmizin görkəmli zooloq-parazitoloqu və pro­tozooloqu, genişprofilli bioloqu, baytarlıq təbabətində tanınmış alim idi. Onun bütün həyatı Azərbaycanda elmin təşkili və inkişafına, təhsilə, milli kadrların ha­zırlanmasına həsr olunmuş, tədqiqatları çoxsahəli və aktual problemləri əhatə etməklə kənd təsərrüfatının inkişafı, ətraf mühitin qorun­ması, respublikanın hey­vanlar aləminin mühafizəsi ilə bağlı olmuşdur.

M.Ə.Musayev 600-ə yaxın elmi əsərin müəllifidir. O, 7 müəlliflik şəha­dət­naməsi almış, 27 fəlsəfə doktoru və 6 elmlər doktoru yetişdirmişdir.

Ümumittifaq Protozooloqlar Cəmiyyətinin Azərbaycan şöbəsinin sədri (1968-1991), SSRİ EA üzrə Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti (1976-1991), Azərbaycan-Çexoslovakiya Dostluq Cəmiy­yəti­nin sədr müavini (1963-1991), Azərbaycan Zooloqlar Cəmiyyətinin prezidenti (1998-2010) olmuşdur.

Azərbaycan SSR-nın Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1974), “Qırmızı Əmək Bayrağı” ordeni (1980), Azərbaycan Respubli­kasının “Şöhrət” ordeni ilə (2001) təltif olunmuşdur.

Kənd təsərrüfatı heyvanlarının, quşların və balıqların əsas parazitar xəstə­lik­lərinin profilaktikasının elmi əsaslarının işlənib hazırlanması və təb­liği möv­zusunda silsilə əsərlərinə görə ona Azərbaycan Respublikasının Dövlət Müka­fatı verilmişdir (bir qrup alimlə birlikdə) (1991).

Akademik Musa Musayev 2010-cu il dekabrın 4-də Bakıda vəfat etmişdir.

(1921-2010)