İmam Daşdəmir oğlu Mustafayev 1910-cu il fevralın 25-də Zaqatala qəzasının (hazırda Qax rayonunun) Qax kəndində anadan olmuşdur.
İ.Mustafayev Zaqatala Kənd Təsərrüfatı Texnikumunu (1928), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (AKTİ) bitirmişdir (1932). AKTİ Genetika, seleksiya və toxumçuluq kafedrasında aspirant olmuş (1932-1934), Moskva KT Akademiyasında dissertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə namizədlik (1938), Leninqrad ÜRBİ (VİR)-də “Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır (1964). Azərbaycan EA həqiqi üzvü seçilmişdir (1950). Azərbaycan EA Elmi katibi (1950-1952), “Azərbaycan EA Məruzələri”, “Azərbaycan sosialist kənd təsərüfatı” jurnallarının redaktoru, “Azərbaycan EA Xəbərləri” jurnalının redaksiya heyətinin üzvü, Bakı şəhəri və Azərbaycan üzrə deputatı, Azərbaycan SSR Dövlət Nəzarəti komissarının I müavini (1940-1954), Azərbaycan Xalq Torpaq komissarının I müavini, Azərbaycan KT naziri, Azərbaycan KP MK katibi, Gəncə vilayət komitəsinin I katibi, Azərbaycan KP MK I katibi işləmişdir (1954-1959). İ.Mustafayev Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun Dənli və dənli-paxlalı bitkilərin genetikası və seleksiyası şöbəsinin müdiri (1959-1997), institutun direktoru işləmişdir (1970-1985). 1963-cü ildən SSRİ EA Əlaqələndirmə Şurasının üzvü, Genetika və seleksiya problemlərinə dair Elmi Şuranın sədri olmuşdur. O,Zaqafqaziya respublikalarının ərazisində 2000-dən çox arpa, çovdar, vələmir, egilops və on mindən çox buğda və başqa dənli bitkilərin nümunəsini toplamışdır. Bir sıra buğda sortlarının – "Sevinc", "Cəfəri", "Zoğal buğda, "Turgidum-7", "Turanikim-186", "Qızıl buğda", "Bol buğda", "Arzu", "Kəhrəba", "Gürgənə I", "Zərdabi", "Birlik" və "Qrekum 75/50", o cümlədən "Pallidum 596" arpa sortu, "AP-317" pambıq sortu, "Cəlilabad I" sarımsaq sortu, "Zəfərani", "Şəfa" və "Tozlayıcı" çaytikanı sortlarının müəllifidir. Alim beynəlxalq konfransların iştirakçısı, Avropa Seleksiyaçılar Assosiyasiyasının üzvü, “Mutantlar, yabanı bitən formaların, becərilən bitkilərin yerli populyasiya və sortlarının genofondunun toplanılması, öyrənilməsi, saxlanması”, “Əsas kənd təsərrüfatı bitkilərinin xüsusi seleksiyası”, Uzaq hibridləşdirmə işlərinin rəhbəri və koordinatoru olmuşdur. İ.Mustafayevin rəhbərliyi altında 75 elmlər namizədi və 4 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Onun bitkiçilik, seleksiya, genetikanın müxtəlif istiqamətlərinə dair 332 elmi məqalə və tezisləri, 5 monoqrafiyası dərc olunmuşdur. O, “Qırmızı Əmək Bayrağı”, “Fəxri Nişan”, “Xalqlar Dostluğu” ordenləri, 5 medal, akademik S.İ. Vavilov adına qızıl medalla təltif olunub. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin 3 böyük, 1 kiçik qızıl, 1 gümüş medalı ilə təltif olunmuşdur. Akademik İmam Mustafayev 10 mart 1997-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1910-1997) |