Rəhimov Rəhim Nurməmməd oğlu 1923-cü il 18 mart tarixində Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur.
1941-ci illdə Ordubad Pedaqoji Texnikumunu bitirmiş, Azərbaycan Tibb İnstitutunda təhsil almışdır (1945-1950). “Mədə xərcəngi və xoralarının ilkin rentgenoloji diaqnostikası” mövzusu üzrə fəlsəfə doktoru dissertatsiyası (1957) “Yoğun bağırsağın xəstəliklərinin differensial rentgen diaqnostikası” mövzusu üzrə elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir (1969). Professor adına layiq görülmüşdür (1970). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1983) və həqiqi üzvü (1989) seçilmişdir. 1941-1945-ci illərdə Ordubad rayon kənd məktəblərində muəllim işləmişdir. Naxçıvan MR-in Şahbuz rayon xəstəxanasında cərrah kimi çalışmış (1950-1951), Ordubad şəhərində həkim rentgenoloq kimi fəaliyyət göstərmişdir (1951-1953). Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunda rentgen şöbəsinin müdiri (1957-1970) vəzifəsində çalışmışdır. Azərbaycan Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun direktor müavini (1970-1974) və direktoru (1974-1989), Milli Onkologiya Mərkəzinin şüa diaqnostika üsulları şöbəsinin rəhbəri (1989) və məsləhətçisi (2013) kimi fəaliyyət göstərmişdir. Alimin ilk dəfə mədə-bağırsaq yollarında patologiyası olan xəstələrdə apardığı rentgenoloji tədqiqatların fundamental nəticələri səhiyyə təcrübəsinə tətbiq edilmişdir. Akademik R.Rəhimov xərçəng, vərəm, polipoz və yoğun bağırsağın başqa xəstəliklərinin differensiyasına imkan verən simptomları və simptom komplekslərini müəyyənləşdirmişdir. O, elmi fəaliyyəti dövründə 200-dən çox elmi işin, müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklifin müəllifi olmuş, onlardan bir qismi nüfuzlu xarici jurnallarda (ABŞ, Almaniya, Yaponiya, İtaliya və Rusiya) çap olunmuşdur. Dəfələrlə ölkəmizdə və xarici ölkələrdə elmi qurultay, konqres və konfraslarda elmi məruzələrlə çıxış etmiş, onun elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 12 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. R.Rəhimov “Azərbaycan Tibb Jurnalı”nın (Bakı) (1975-2013), «Вестник рентгенологии и радиологии» (Moskva) redaksiya heyətinin üzvü (1976-1985) olmuşdur. SSRİ Elmlər Akademiyasının “Bədxassəli şişlər üzrə elmi şurasının” üzvü (1978), Azərbaycan rentgenoloqlarının və radioloqlarının elmi cəmiyyətinin sədri olmuşdur (1965-1986). «Rəşadətli əməyə görə» medalı (1970), “Şərəf nişanı” ordeni (1971), «SSRİ-nin səhiyyə əlaçısı» nişanı (1973), “SSRİ-nin Qırmızı Xaç” nişanı (1978), “Əmək veteranı” medalı ilə (1985) təltif olunmuşdur. 1981-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layıq görülmüşdür. 2013-cü ildə Azərabaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Akademik Rəhim Rəhimov 2013-cü ilin 6 iyulunda Bakıda vəfat etmişdir. |
|
(1923-2013)
|