Ə.Sultanov 1905-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. O, 1939-cu ildə fəlsəfə doktoru, 1944-cü ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1945-ci ildə professor elmi adını almış, 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Ə.Sultanov əmək fəaliyyətinə 1930-1934-cü illərdə Zaqafqaziya geoloji trestində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsindən başlamışdır. 1934-cü ildə Azərbaycan geoloji bürosunun rəisi təyin olunmuş, 1935-ci ildə Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuşdur. 1939-1945-ci illərdə SSRİ EA Azərbaycan filialının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) baş elmi işçi, 1945-1949-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda direktor, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) elm üzrə prorektoru və Çökmə süxurların petroqrafiyası kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Məhsuldar Qüvvələri Öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. Ə.Sultanov Azərbaycanın mineral xammallarının və enerji ehtiyatlarının öyrənilməsinə böyük əmək sərf etmişdir. O, litologiya, fasiya və paleocoğrafiya, çökmə süxurların fiziki-kimyəvi üsullarla öyrənilməsi, çökmə süxurların metallogeniyası laboratoriyalarını birləşdirən litologiya şöbəsinə rəhbərlik etmişdir. Ə.Sultanovun bütün elmi fəaliyyəti geologiyanın vacib məsələlərinin həlli, neft və qaz yataqlarının axtarışı və onların proqnoz qiymətlərinin verilməsi, həmçinin çökmə və vulkanogen-çökmə yolla əmələ gələn qeyri-filiz yataqlarının və tikinti materiallarının öyrənilməsi ilə əlaqədar olmuşdur. Böyük Qafqazın cənub ətəklərinin təbii sərvətlərinin, xüsusilə Balakən-Zaqatala zonası filiz yataqlarının öyrənilməsində alimin böyük xidmətləri olmuşdur. Ə.Sultanov çökmə süxurların öyrənilməsində litoloji-geokimyəvi istiqamətin əsas yaradıcılarından biridir. O, neft-qaz yataqlarının çökmə və vulkanogen-çökmə süxurlarının və onlarla bağlı olan qeyri-metal faydalı qazıntıların litologiyası üzrə görkəmli alim idi. Çökmə və vulkanogen-çökmə süxurların, eləcə də paleozoydan tutmuş antropogenə qədər müxtəlif yaşlı çöküntülərin litofasial tərkibinin öyrənilməsi ilə məşğul olmuş, onların korrelyasiyası, əmələgəlməsi üzrə tədqiqatlar aparmış, həmçinin onların fasiyasını və paleocoğrafi şəraitlərini müəyyən etmişdir. O, ilk dəfə Azərbaycanın neftli-qazlı məhsuldar qatının əmələ gəlməsinin əsas fasial-tsiklik qanunauyğunluğunu müəyyən etmişdir. Alim litoloqların Azərbaycan məktəbinin yaradıcılarından biri olmuşdur. Onun rəhbərliyi və iştirakilə orta miqyaslı xəritələr, o cümlədən, litoloji xəritə və faydalı qazıntılar xəritəsi (qeyri-filiz və tikinti materialları), Dördüncü dövr çöküntülərinin geoloji-litoloji xəritəsi, Azərbaycanın qrunt və təzyiq sularının hidrogeoloji xəritəsi tərtib olunmuşdur. Ə.Sultanov 300-dən artıq elmi əsərin, o cümlədən bir neçə monoqrafiya və elmi-kütləvi kitabçanın müəllifidir. Ə.Sultanov elmi kadrların hazırlanmasında da böyük fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə 20-dən çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır. O, uzun müddət Azərbaycan Dövlət Universitetində və Azərbaycan Neft-Kimya İnstitutunda (indiki ADNA) dərs demişdir. Ə.Sultanov SSRİ EA Yer haqqında Elmlər Bölməsinin çökmə süxurlar komitəsinin üzvü, Britaniya Krallığı Mineraloji Cəmiyyətinin fəxri üzvü olmuşdur. Ə.Sultanov “Qırmızı Əmək Bayrağı” ordeni və bir neçə medalla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Akademik Əzəl Sultanov 1990-cı ildə Bakıda vəfat etmişdir. |
|
(1905-1990) |