Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu il sentyabrın 19-da Şamaxı şəhərində anadan olmuşdur. O, Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır.
1931-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun, 1943-cü ildən Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, elmi hissə üzrə prorektoru, 1949-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun direktoru, Azərbaycan SSR Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır. M.Şirəliyev 1941-ci ildə «Bakı dialekti» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, əsərin elmi dəyərini nəzərə alaraq, 1943-cü ildə birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmiş, həmin il Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Görkəmli alim 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik «Azərbaycan dialektologiyasının əsasları», «Bakı dialekti», habelə M.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı «Azərbaycan dilinin qrammatikası» dərsliyinin müəllifidir. Akademik M.Şirəliyev Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş fundamental «Azərbaycan dialektologiyasının əsasları» əsərində türk dillərinin dialektlərinə dair o vaxta qədər yazılmış əsərlərdən fərqli olaraq, ilk dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan geniş istifadə etmiş, Azərbaycan dili dialekt və şivələrinin təsnifini vermiş, özünün şəxsən iştirak etdiyi dialektoloji ekspedisiyalar zamanı toplanan faktiki materiallar əsasında ümumiləşmələr aparmış, Azərbaycan dili dialekt və şivələrinin 4 qrupa – şərq, qərb, şimal, cənub qruplarına bölündüyünü inkarolunmaz faktlarla isbat etmişdir. M.Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir. Maraqlıdır ki, hələ 1941-ci ildə Məmmədağa Şirəliyev rus dilində çap etdirdiyi bir məqaləsində ilk dəfə olaraq Azərbaycan dialektlərinin təsnifini coğrafi prinsip əsasında aparmış və bu bölgü sonralar, 1959-cu ildə YUNESKO-nun «Fundamental turcica» əsərində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə «Azərbaycan dilinin dialektoloji atlası» tərtib və nəşr edilmişdir. Görkəmli alim fundamental «Azərbaycan dialektologiyasının əsasları» əsəri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. Akademik Məmmədağa Şirəliyev 1991-ci il aprelin 19-da Bakıda vəfat etmişdir. |
|
(1909-1991) |