Aleksandrov Anatoli Petroviç 1903-cü il martın 12-də Taraşi şəhərində (Ukrayna) anadan olmuşdur. 1930-cu ildə Kiyev Dövlət Universitetini bitirərək SSRİ EA Fizika-Texnika İnstitutunda işə başlamışdır. 1943-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1953-cü ildə həqiqi üzvü seçilmişdir. 1941-1945-ci illərdə akademik İ.Kurçatovla birgə SSRİ EA-nın 2 saylı laboratoriyasında gəmilərin minalardan müdafiəsi məsələləri və atom silahlarının yaradılması ilə məşğul olmuş, bir müddət sonra həmin laboratoriyanın bazasında İ.Kurçatov adına Atom Enerjisi İnstitutu yaradılmışdır. SSRİ EA Fizika Problemləri İnstitutunun direktoru (1946-1955) vəzifəsində işləmişdir. 1946-cı ildən nüvə reaktorlarının yaradılması və atom enerjisindən istifadə sahəsinin inkişafında fəal iştirak etmiş, 1955-ci ildən Atom Enerjisi İnstitutunun elmi işlər üzrə direktor müavini, İ.Kurçatovun ölümündən sonra 1960-cı ildən həmin institutun direktoru, SSRİ EA-nın prezidenti (1975-1986) olmuşdur. A.Aleksandrovun rəhbərliyi ilə olduqca qısa müddətdə nüvə qurgusu ilə işləyən atom sualtı gəmisinin layihəsi verilmiş, onların kütləvi istehsalı başlamışdır (1952-1972). Onun təşəbbüsu və iştirakı ilə “Lenin”, “Arktika”, “Sibir” atom buzqıran gəmiləri üçün energetik qurğular yaradılmışdır. Nəticədə Sevmaş müəssisəsində 163 hərbi sualtı atom qəmisi istehsal edilmiş, 1970-ci ildən isə həmin müəssisə “Akula”, “Tayfun” tipli atom sualtı gəmilərini buraxmış və Ginnesin rekordlar kitabına daxil olan ən böyük gəmini istehsal etmişdir. 1960-cı illərdə A.Aleksandrovun rəhbərliyi ilə Kurçatov adına Atom Energetikası İnstitutunda SSRİ-də ən böyük maye helium qurğusu hazırlanıb işə salınmışdır. Macarıstan EA-nın, İsveç Kral Mühəndislik Akademiyasının və b. akademiyaların fəxri üzvü seçilmişdir. 3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1954, 1960, 1973), 4 dəfə SSRİ Dövlət (Stalin) Mükafatı laureatı (1942, 1949, 1951, 1953), Lenin Mükafatı laureatı (1959) olmuş, 7 dəfə “Lenin” ordeni, “Oktyabr inqilabı”, “Vətən müharibəsi” və başqa ordenlərlə təltif olunmuşdur. 1968-ci ildə İ.Kurçatov adına qızıl, 1978-ci ildə M.V.Lomonosov adına Böyük qızıl və 1978-ci ildə S.Vavilov adına qızıl medallara layıq görülmüşdür. 2002-ci ildə Rusiya Elmlər Akademiyası tərəfindən A.P.Aleksandrov adına qızıl medal təsis edilmişdir. A.Aleksandrov 1980-ci il martın 20-də Azərbaycan EA-nın fəxri (xarici) üzvü seçilmişdir. A.P.Aleksandrov 3 fevral 1994-cü ildə vəfat edib. |
|