Türkiyə Cümhuriyyətinin IX Prezidenti Süleyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta şəhərində anadan olmuşdur. 1949-cu ildə İstanbul Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirmişdir. 1962-ci ildən siyasi fəaliyyətə başlayan S.Dəmirəl 1964-cü ildə Ədalət partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında Baş nazirin müavini, həmin ilin oktyabr ayından Baş nazir vəzifələrində çalışmışdır. 1975-1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin Baş naziri vəzifəsində çalışmışdır. 1980-ci ildə vətəndaş hərc-mərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman siyasi fəaliyyətdən uzaqlaşmışdır (1987-ci ilədək). 1987-ci ildə Doğruyol partiyasının rəhbəri seçilmişdir. 1990-1993-cü illərdə yenidən Baş nazir vəzifəsinə təyin olunmuş, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir. 1995-ci il dekabrın 4-də Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü, 1999-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri doktoru seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin IX Prezidenti S.Dəmirəl «Şərəf» ordeni ilə təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü Süleyman Dəmirəl 2015-ci il iyunun 20-də vəfat etmiş və İsparta şəhərində dəfn edilmişdir. |
|