Türk Dünyasının şöhrətli alimi, səhiyyə və təhsil qurucusu professor İhsan Doğramacı 1915-ci il aprelin 3-də İraqın Ərbil şəhərində anadan olmuşdur. İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra (1938) assistent vəzifəsində əmək fəaliyyətinə başlamış, Harvard Universitetində pediatriya üzrə təhsilini tamamlamış və Türkiyənin Ankara Nümunə Xəstəxanasında çalışmış (1947), Ankara Universitetinin professoru (1954) elmi adına layiq görülmüşdür. İ.Doğramacı Almaniyadakı Leopoldina Naturforit Elmlər Akademiyasının, ABŞ-dakı Pediatrlar Akademiyasının, Hindistan Milli Tibb Akademiyasının, İngiltərədəki Krallıq Tibb Kollecinin həqiqi üzvü, Paris Milli Akademiyasının müxbir üzvü olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının (2005) və dünyanın 25-ə qədər ölkəsinin, o cümlədən ABŞ, Argentina, Almaniya, Fransa, İngiltərə, İspaniya, İsveç, Avstriya, Bolqarıstan, Finlandiya, Meksika, Polşa, Tunis ölkələrinin Milli Pediatrlar Assosiasiyasının, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının fəxri üzvü və doktoru olmuşdur. İ.Doğramacı 25 il Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri vəzifəsində çalışmış, Türkdilli ölkələr üzrə region qurumlarını yaratmış, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Universitetinin Hacəttəpə Tibb və Səhiyyə Elmləri fakültəsinin yaradılmasında müstəsna xidmətlər göstərmiş, Ankara Universitetinin rektoru (1963-1965), Orta Doğu Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttəpə Universitetinin rektoru (1967-1975), Paris Universitetində Pediatriya professoru vəzifəsinə (1975) seçilmişdir. O, Avropa Rektorlar Konfransı idarə heyətinin üzvü (1964-1973), 1981-ci ildən ömrünün sonuna qədər Millətlərarası Beynəlxalq Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədri və fəxri sədri vəzifələrində çalışmışdır. İ.Doğramacı Ümumdünya Sağlamlıq Cəmiyyəti sədrinin müavini seçilmişdir (1976-1981). Ümumdünya Səhiyyə Təşkilatı 1985-ci ildə “İhsan Doğramacı ailə sağlamlığı mükafatı” təsis etmiş və bu mükafat hər üç ildən bir müvafiq ünvanlara təqdim olunur. İhsan Doğramacının tibb təhsili, xüsusilə də uşaq və xalq sağlamlığı problemlərinə həsr olunmuş 100-ə yaxın elmi əsəri müxtəlif ölkələrdə çap olunmuşdur. Onun “Yenidoğulmuşlara qulluq” adlı əsəri 14 dəfə nəşr edilmiş, “Ananın kitabı” əsəri isə müxtəlif dillərə tərcümə olunmuşdur. Alim elmi məktəb yaratmışdır və onun yetirmələri dünya ölkələrində səhiyyə sahəsində uğurla çalışırlar. İ.Doğramacı Filadelfiyanın “Kliniki pediatriya”, ABŞ-ın “Beynəlxalq uşaq sağlamlığı”, Türkiyədə çap olunan “Pediatriya” jurnallarının redaktoru olmuşdur. İ.Doğramacı dünyanın 200-dən çox beynəlxalq mükafatı və ordeni, həmçinin Azərbaycanın «İstiqlal» ordeni (2000) və «Heydər Əliyev» ordeni (2005) ilə təltif olunmuşdur. Bakıda (1995, 2000, 2005) respublika səviyyəsində İhsan Doğramacının yubileyləri keçirilmişdir. İ.Doğramacı 2010-cu il fevralın 25-də Ankarada vəfat etmişdir. |
|