Andrey Daryeviç Mirzəbəyov 19 oktyabr 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. M.V.Lomonosov adına Zərif Kimya Texnologiyası İnstitutunda təhsil almışdır (1955-1962). Onun elmi fəaliyyəti SSRİ EA-nın Molekulyar Biologiya İnstitutu (Moskva) ilə bağlı olmuşdur. O, baş laborant (1961), kiçik elmi işçi (1962), böyük elmi işçi (1968), laboratoriya müdiri (1973), direktor (1984-2003) vəzifələrində çalışmışdır. A.D.Mirzəbəyov kimya üzrə fəlsəfə doktoru (1965), elmlər doktoru (1972) olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1981) və həqiqi üzvü (1987), AMEA-nın həqiqi üzvü (2002) seçilmişdir. Alimin elmi-pedaqoji fəaliyyətinə Moskva Fizika-Texnika İnstitutunda Molekulyar Biofizika kafedrasına 10 illik rəhbərliyi də daxildir. A.D.Mirzəbəyov ABŞ-ın məşhur genetikləri ilə əməkdaşlıq edərək DNT-nin ilkin strukturunun müəyyən edilməsi üçün yeni metod hazırlamışdır (1973). Onun əsas fundamental və tətbiqi tədqiqat istiqamətləri: Biomolekulların və biomolekul komplekslərin quruluş və funksiyalarının öyrənilməsi; Genetik informasiyanın realizasiya mexanizmlərinin analizi; Fundamental tədqiqatlar üçün bioçiplərin yaradılması; Tibbi diaqnostika və DNT-nin verilənlər bazasının formalaşdırılması üçün bioçiplərin yaradılması; Bioçiplər texnologiyasının cihaz-analitik bazasının yaradılması; Bioçiplərin kütləvi istehsal vasitələrinin istehsalı; Elmi və tibbi profilli maraq göstərən təşkilatlara bioçiplər texnologiyasının öyrədilməsi və verilməsi. Akademik A.D.Mirzəbəyov uzun illər akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (AMEA Botanika İnstitutunda) şöbəsi ilə birgə tədqiqatlar aparmış, şöbənin gənc alimlərinin SSRİ EA və Rusiya EA Molekulyar Biologiya İnstitutunda uzun və qısamüddətli ezamiyyətlərdə olması, təkmilləşdirmə kursları keçməsi, Botanika İnstitutunun bəzi reaktiv və avadanlıqla təchiz olunması üçün köməklik göstərmişdir. A.D.Mirzəbəyov 250-dən çox çap olunmuş əsərin və ixtiraların müəllifidir. Onun rəhbərliyi altında 35 fəlsəfə doktoru və 3 elmlər doktorluğu dissertasiyası müdafiə olunmuşdur. Alim Qreqor Mendel adına qızıl medala (1989), Avropa Akademiyasının (1990), Almaniya Elmlər Akademiyasının (1999), Avropa Cəmiyyəti Federasiyasının mükafatına, akademik V.A.Engelqardt adına qızıl medala (1999) layiq görülmüş, Leopoldin Akademiyasının vitse-prezidenti (1998), Gürcüstan EA-nın (2002) üzvü seçilmişdir. 2000-ci ildə Valensiya Fundamental Tədqiqatlar Akademiyasının fəxri üzvü seçilmişdir. O, SSRİ EA-nın "Molekulyar Biologiya" jurnalının baş redaktoru olmuşdur (1986-1996). SSRİ Dövlət Mükafatı (1969), Qırmızı Əmək Bayrağı ordeni (1981), Şərəf Nişanı ordeni (1990) ilə, ölümündən sonra Fransa Respublikasının “Qızıl Palma Budağı” ordeni (2003) ilə təltif olunmuşdur. Andrey Daryeviç Mirzəbəyov 13 iyul 2003-cü ildə vəfat etmişdir. |
|
|