Alfyorov Jores İvanoviç 1930-cu il martın 15-də Vitebsk şəhərində (Belarus) anadan olmuşdur.
1952-ci ildə Leninqrad Elektrotexnika İnstitutunu bitirmişdir. Elmlər namizədi (1961), elmlər doktoru (1970) elmi dərəcəsini, professor elmi adını (1972) almışdır. SSRİ EA müxbir üzvü (1972), həqiqi üzvü (1979) seçilmişdir. Əmək fəaliyyətinə 1953-cü ildə SSRİ EA A.F.İoffe adına Fizika-Texnika İnstitutunda mühəndis kimi başlamış, kiçik elmi işçi (1953-1964), baş elmi işçi (1964-1967), sektor müdiri (1967-1973), laboratoriya müdiri (1973-1990), direktor (1987-2003) və 2006-cı ilədək Elmi Şuranın sədri olmuşdur. 1989-cu ildən bu günədək Sankt-Peterburq Elmi Mərkəzinin Rəyasət Heyətinin sədri, SSRİ EA-nın vitse-prezidenti (1990-1991), REA vitse-prezidenti olmuşdur. 1953-cü ildən başlayaraq SSRİ-də ilk tranzistorların, germanium əsaslı cihazların yaradılması, yarımkeçiricilərdə heterokeçidlərin tədqiqi ilə məşğul olmuşdur. 1990-cı illərin əvvəllərindən başlayaraq kiçik ölçülü nanostrukturların – kvant məftilləri və kvant nöqtələrinin xassələrinin tədqiqi ilə məşğul olmuşdur. 2010-cu ildən “Skolkovo” innovasiya mərkəzinin elmi rəhbəri olmuşdur. “Texniki fizika jurnalına məktublar” jurnalının baş redaktoru olmuşdur. J.Alfyorov yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə mütəxəssis olmuşdur. 3 monoqrafiyanın, 500-dən artıq elmi məqalənin və 50 ixtiranın müəllifi olmuşdur. Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin (1972), SSRİ Dövlət (1984) və Rusiya Federasiyasının Dövlət mükafatlarına (2001) layiq görülmüşdür. “Heterokeçidlər istiqaməti üzrə yeni işlərə görə” Hyullet-Pakkard (Avropanın fiziki cəmiyyəti, 1978), “Heteroquruluşların fiziki və texniki inkişafına görə” A.Karpinski (AFR, 1989), “Heteroquruluşlar əsasında günəş şualanmasının fotoelektrik çeviriciləri” işlərinə görə A.F.İoffe adına mükafat (Rusiya, 1996), Demidov (Rusiya, 1999), Kioto (Yaponiya, 2001), V.İ.Vernadski (Ukrayna, 2001), Qlobal Enerji (Rusiya, 2005) mükafatlarına layıq görülmüşdür. “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, A.S.Popov adına qızıl medal, X.Velker qızıl medalı, Ballantayn medalı və s. medallarla təltif edilmişdir. 2000-ci ildə “Yüksək sürətli optoelektronika üçün yarımkeçiricilərdə heteroquruluşların inkişafına görə” Nobel mükafatı almışdır. J.Alfyorov bir neçə ölkənin Elmlər Akademiyasının fəxri üzvü olmuşdur. 1988-ci ildən bu günədək Sankt-Peterburq Dövlət Universitetinin Fizika-texnika fakültəsinin dekanı olmuşdur. J.Alfyorov 2004-cü il aprelin 28-də Azərbaycan MEA-nın fəxri (xarici) üzvü seçilmişdir. J. Alfyorov 1 mart 2019-cu ildə vəfat edib. |
|